Favoritlər itkisiz başladı – ingilislərin oyunu ürəkaçan olmadı

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün dördüncü günün oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, iyunun 14-də start götürən yarışda artıq A, B və C qrupunda birinci turlar başa çatıb.

A qrupunda favoritlər turu itkisiz başa vurub. Meydan sahibləri Almaniya açılış matçında Şotlandiya yığmasını darmadağınla üstələdi. 5:1 hesablı qələbə qazanan almanlar sərgilədiyi performansla da azarkeşlərini ümidləndirdi. Turnirin favoritlərindən sayılan kollektivin birinci matçdakı performansı qənaətbəxş oldu. Şotlandiya isə gözlənilməz dərəcədə zəif çıxışı ilə diqqət çəkdi. Demək olar, hücuma çıxa bilməyən britaniyalıların növbəti turlardakı performansı sual altındadır. İkincilik mübarizəsində olacağı gözlənilən komanda növbəti matçda İsveçrə ilə qarşılaşacaq. Məğlubiyyət komandanın qrupda qalmasına səbəb ola bilər.

İsveçrə – Macarıstan duelində isə güclü tərəf – isveçrəlilər layiqli qələbə qazandı. Oyunboyu üstün tərəf olan komanda yekunda 3:1 hesablı qalibiyyət əldə etdi. A qrupunda birinci tur sürprizsiz yekunlaşdı.

B qrupunda da favoritlər qələbə ilə turu başa vurdu. İspaniya Xorvatiyanı, İtaliya isə Albaniyanı məğlub etməyi bacardı. Xüsusilə, ispanlar inamlı oyunla xorvatlardan üstün oldu. Turnirin ən gənc heyətlərindən birinə sahib olan “buğalar” ilk hissədə vurduğu qollarla xorvatların müqavimətini qırdı. “Ölüm qrupu” kimi təqdim edilən qrupda İtaliya Albaniyanı məyus etdi. Albanlar hesabı açan tərəf olsa da, təcrübə və keyfiyyət qısa zamanda özünü göstərdi və “azzuri” 15 dəqiqəyə geridönüş etməyi bacardı. A qrupu kimi bu qrupda da birinci tur sürprizsiz oldu.

C qrupunda ilk heç-heçə qeydə alındı. Danimarka Sloveniya ilə görüşdə bir xala razı oldu. Görüşün favoriti danimarkalılar idi. İlk hissədə üstün oyun sərgiləyən komanda fasilədən sonra daha zəif təsir bağışladı. Üstünüyü ələ alan və təzyiqi artıran Sloveniya yığması sona yaxın istədiyi qolu vurdu və bir xal qazandı.

Turnirin favoritlərindən olan İngiltərə yığması isə ağır keçən oyunda Serbiyanı minimal hesabla məğlub etdi. Erkən qolla önə keçən ingilislər ikinci qol axtarışında olsa da, bir neçə epizod dəyərləndirilmədi. İkinci hissədə daha aktiv tərəf serblər idi. Buna baxmayaraq, qapıçı Cordan Pikford bir neçə seyvi ilə komandasının xilaskarı oldu.

İlk oyunlara nəzərən favoritlərdən olan İspaniya, İtaliya, Almaniya yaxşı performans sərgilədi, İngiltərə isə favoritə yaraşmayan oyunla yadda qaldı. Serblərin ağır təzyiqi ilə müdafiəyə çəkilməli olan ingilislər çətinliklə olsa da, vacib qələbə qazandı. Favoritlər növbəti turda da qələbə qazansa, qrupdan çıxmağı təmin edəcək.

A, B və C qrupunun ikinci tur oyunları iyunun 19, 20 və 21-də olacaq.