Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb. Milli komandaların oyunlarına görə yaranan fasiləyə “Qarabağ” lider, “Araz-Naxçıvan” ikinci kimi daxil olub. “Üçlüy” isə “Turan Tovuz” tamamlayır.
13 turdan sonra çempionatda ən çox qol vuran komanda “Qarabağ”dır. Ehtiyatda bir oyunu olan “atlılar” 32 qol vurub, 6-nı buraxıb. Bu göstəricidə 22 qolla “Sabah” ikinci sırada qərarlaşıb. “Üçlüy”ü 19 qolla “Turan Tovuz” tamamlayır. İkinci pillədə yer alan “Araz-Naxçıvan” isə 16 qol vurub.
13 tura ən çox qol buraxan komanda autsayder “Kəpəz”dir. Gəncə təmsilçisi 33 qol buraxıb. “Sarı-göylər”in vurduğu qol sayı isə 10-dur. “Kəpəz” Premyer Liqada ən az qol vuran üç komandadan biridir. Digərləri də 10 qolla “Sumqayıt” və “Səbail”dir.
Uğursuz mövsüm keçirən və autsayder “Kəpəz”dən cəmi 3 xal öndə olan “Neftçi” ilə bağlı da maraqlı statistika var. Belə ki, “ağ-qaralar” çempionatda ən çox heç-heçə edən kollektivdir – 7 dəfə. “Neftçi” 13 oyunun 5-də uduzub, cəmi bir qələbə qazanıb. Paytaxt təmsilçisi qələbə sayında hamıdan geri qalır.
Lider “Qarabağ” ən çox qələbə qazanandır (10), autsayder “Kəpəz” isə ən çox uduzan (10).
Kamil Əhməd