Fasilədən fasiləyədək: ən yaxşı “Sumqayıt”dı

FutbolPressAzərbaycan millisinin yoxlama oyunları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranıb. Çempionat bir də aprelin əvvəlində bərpa ediləcək. Bu, qış fasiləsindən sonra yaranan ilk uzunmüddətli dayanmadı. Komandalar fevralın 10-dan bu yana 6 turda meydana çıxıblar. Təxminən bir dövrəlik periodda hansının necə çıxış etdiyinə nəzər yetirək.
 

“Sumqayıt”

Komandaların qış fasiləsindən sonrakı nəticələriylə bağlı şərti turnir cədvəli tərtib etsək, orda ilk sıranı “Sumqayıt” tutar. “Gənclik şəhəri” təmsilçisi keçirdiyi 6 matçda topladığı 14 xalla bütün rəqiblərindən öndə qərarlaşıb. Komanda bu müddət ərzində 4 qələbə qazanıb, 2 heç-heçə edib. Məğlubiyyətsiz iki klubdan biri olan “Sumqayıt”, həm də ən çox qol vurandı. Samir Abasovun yetirmələri rəqib qapılarından keçirdiyi 9 topun müqabilində 4 dəfə mərkəzə dəvət olunublar. Komanda uğurlu çıxışı sayəsində mövsümün ikinci yarısında bir pillə irəliləməyə də müvəffəq olub. Düzdü, bunda “Zirə”nin qış fasiləsindən sonrakı həddən artıq zəif oyunu da rol oynayıb, ancaq bu, “Sumqayıt”ın öz oyununa kölgə salmamalıdı. İlk sıralarda qərarlaşan “Qarabağ” və “Zirə” ilə heç-heçə edən komanda “güclü”lərdən yalnız “Qəbələ” ilə qarşılaşmayıb, özündən aşağıda yer alan komandaların isə hamısına qalib gəlib. Ümumilikdə məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdıran “kimyaçılar” tarixinin yeni rekordunu müəyyənləşdirib. Bunun əsas memarı isə komandaya oynatdığı gözəl futbolla Samir Abasovdu. Ən maraqlı məqam isə budu ki, o, bütün bunları yerli və əsasən digər Premyer Liqa klublarına lazım olmayan futbolçularla bacarır. Yaxşı forma yığan komandaya bu fasilənin necə təsir edəcəyi maraqla gözlənilir. Əgər “Sumqayıt” bu tempi sonadək qoruya bilsə, tarixində ilk dəfə avrokuboklarda çıxış edəcəyinə şübhə yoxdu.
 

“Qarabağ”
 
Dəyişilməz çempion və lider haqqında bəhs etdiyimiz periodun ikincisidi. Ağdam klubu qış fasiləsindən sonra 3 qələbə qazanıb, eyni sayda heç-heçə edib. Heç də ən yaxş sayılmayan bu nəticələr belə, komandanın ikinci yerin sahibi ilə fərqi artırmasına əngəl olmayıb. Əgər qışa qədər ən yaxın izləyici ilə fərq 6 xalla ifadə olunurdusa, indi bu, 10-a yüksəlib. Belə görünür ki, komanda ciddi müqavimət görmədən növbəti çempionluğunu da vaxtından əvvəl təmin edəcək. Qış fasiləsindən sonra “Qarabağ”da ən çox diqqətçəkən məqam hücum xəttinin bir qədər passiv olmasıdı. Komanda cəmi 5 dəfə fərqlənə bilib ki, bu da ən yaxşı halda 5-ci nəticədi. Görünür, əsas qol silahı Dino Ndlovunun gedişi, həqiqətən də, hücum potensialını xeyli aşağı salıb. Müdafiə xəttinə isə söz ola bilməz. Komanda 6 matçda cəmi 1 qol buraxıb ki, bu da ən məhsuldar hücum xəttinə sahib “Sumqayıt”la görüşdə baş tutub. “Qarabağ”ın əsas rəqibi “Qəbələ”dən xeyli aralanmasının da nəticələrə təsir etdiyini söyləmək olar. Bir çox oyunda açıq-aşkar komandanın qələbə üçün ən yaxşısını etmədiyi, buna o qədər də can atmadığı görünürdü. Qurban Qurbanov da bir neçə matçda heyətdə ciddi dəyişikliklər etdi.
 
 
“Neftçi”

Qış toplanışı zamanı yoldaşlıq oyunlarındakı bərbad nəticələrinə görə kəskin tənqid olunan “Neftçi” mövsümün ikinci yarısındakı çıxışına görə yaxşılardandı. Komanda 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətə imza atıb. 7 qol vuran “ağ-qaralar” 6 dəfə topu öz qapılarından çıxarmalı olublar. Ancaq komandanın “Qarabağ”la heç-heçəsi, “Qəbələ” üzərindəki səfər qələbəsi də mövqeyini yaxşılaşdırmasına imkan verməyib. “Flaqman” qış fasiləsindən sonra ən çox Sumqayıtdakı məğlubiyyətə görə təəssüflənməlidi. Avrokubok mübarizəsindəki əsas rəqiblə oyunda yaşanan uğursuzluq mövsümün sonunda da ciddi problem ola bilər. Bakı klubunda əsas diqqətçəkən məqam isə mövsümün ilk yarısı ilə müqayisədə xeyli yaxşı olan nəticələrin elə həmin futbolçularla qazanılmasıdı. Yeni transferlər heyətə düşməkdə çətinlik çəkirlər. Yalnız İlkin Qırtımov komandada özünə yer edə bilib. Bu, bir baxımdan da Məhəmməd Mirzəbəyovun zədəsi ilə əlaqədardı. Yeni cəlb olunan legionerlər isə ümumiyyətlə ümidləri doğrultmur.
 

“Keşlə” və “Qəbələ”

Ukraynalı mütəxəssilərin çalışdırdığı bu komandalar qışdan sonrakı periodun ortabablarıdı. Hər iki kollektiv 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətə imza atıb. Yeganə fərq ondadı ki, “Keşlə”də vurulan və buraxılan topların sayı 8-disə, “Qəbələ”də bu rəqəmlər 6 ilə ifadə olunur. Əslində, mövsümün ilk yarısını bərbat keçirən Bakı klubu üçün belə nəticəni normal saymaq olar, amma çempionluq yarışında “Qarabağ”la sonadək mübarizə aparacağı gözlənilən “Qəbələ”nin çıxışı heç cür qənaətbəxş sayıla bilməz. Ən mənfi məqam isə odu ki, komanda öz evində turnir cədvəlində aşağıda qərarlaşan “Neftçi”yə, səfərdə debütant “Səbail”ə uduzub. Belə xal itkilərinə görə “qırmızı-qaralar” hazırda “Qarabağ”a xeyli aşağıdan baxır. Komandanın müdafiə xəttinin çıxışı isə ümumiyyətlə bərbaddı. 6 matçda buraxılan 6 qol, bunların 2-nin avtoqol olması, ən azı birində müdafiəçinin kobud səhvi – “Qəbələ”nin gözlənilməz xal itkilərinin əsas səbəbləri məhz bunlardı. Artıq çempionluğun böyük ölçüdə əldən verildiyi mövsümdə əyalət təmsilçisi üçün əsas hədəf kubok olmalıdı. “Qəbələ”, nəhayət ki, titul qazanmaq istəyirsə, kubokda çempionatda etdiyi səhvləri təkrarlamamlıdı. Yaranan fasilə isə problemlərin aradan qaldırılması üçün yaxşı imkan kimi düşünülməlidi.
 
“Keşlə”yə gəlincə, komandada oyun planında mövsümün ilk yarısı ilə müqayisədə ciddi dəyişiklik yoxdu. Amma daha hücumameylli çıxış edir və ən məhsuldar ikinci komandadı. Əslində, klub ətrafında baş verən xoşagəlməz hadisələr olmasa, bəlkə də “Keşlə” daha yaxşı nəticələr göstərərdi. Ancaq az qala hər oyunöncəsi/oyunsonrası baş məşqçinin istefası ilə bağlı xəbər çıxması, özünün belə açıqlamalar verməsi, idarəçiliklə bağlı neqativ informasiyalar, şübhəsiz ki, komandanın meydandakı çıxışına da təsirini göstərir.
 

“Səbail”
 
Debütant ümumi turnir cədvəlində olduğu kimi, qış fasiləsindən snrakı nəticələrinə görə də 6-cıdı. Döyüşkən ampluasını qoruyan Samir Əliyevin komandası 1 qələbə qazanıb, 2 heç-heçə edib və 3 oyundan xalsız ayrılıb. “Qəbələ” ilə ev oyunundakı qalibiyyət nə qədər müsbət olsa da, komanda sanki nisbətən zəiflərlə matçlara istənilən səviyyədə fokuslana bilmir. Nəticələrin o qədər də yaxşı olmamasını məhz bununla əlaqələndirmək olar. İlk mövsümünü keçirən komandada ideal heyət axtarışları, baş verən ciddi dəyişikliklərin fonunda əslində bu nəticələri normal qəbul etmək lazımdı.
 

“Kəpəz”
 
Autsayder qış fasiləsindən sonra da nəticələrini yaxşılaşdıra bilmir. Yalnız bir qələbəsi olan Gəncə klubu, 5 matçda uduzub və heç-heçəsi olmayan yeganə komandadı. Qərb təmsilçisinin ən böyük problemi hücum xəttiylə bağlıdı. Təsadüfi deyil ki, Yunis Hüseynovun yetirmələri cəmi 3 qol vura bilib və bu baxımdan ən pis nəticəyə sahibdi. Hər oyun ən azı bir dəfə topu tordan çıxarmalı olan komanda 4 görüşdə məhz həmin yeganə qola görə xalsız qalıb. Gəncəlilərlə bağlı daha bir diqqətçəkən məqam isə məğlub olduğu matçlara əsasən son dəqiqələrdə vurulan qollarla xalsız qalmasıdı. Qışda edilən transferlər komandanı gücləndirsə də, oyun baxımından müəyyən irəliləyiş hiss olunsa da, bu məhz belə amillərə görə nəticələrdə öz əksini tapa bilmir.
 

“Zirə”

Qış fasiləsindən sonra ən pis nəticələr “Zirə”dədi. Qəsəbə təmsilçisi qələbəsi olmayan yeganə kollektivdi – 3 heç-heçə, 3 məğlubiyyət. 5 qol vuran komanda öz qapısında hamıdan çox – 9 top görüb. Qəribəsi isə ondadı ki, bunu “Zirə”nin uğursuz transfer fəaliyyəti ilə əlaqələndirmək olmur. İki dəfə fərqlənən Aleksandr Dedov qış fasiləsindən sonra komandanın  ən yaxşı bombardiridi, “Qəbələ”dən cəlb olunan Tellur Mütəllimov yaxşılardandı və s. Ancaq mövsümün ilk yarısındakı “Zirə”dən əsər-əlamət yoxdu. Xüsusilə Qəbələdəki məğlubiyyətdən və orda baş verən xoşagəlməz hadisələrdən sonra komanda heç cür özünə gələ bilmir. Öz meydanında “Keşlə”yə gözlənilməz məğlubiyyət, “Səbail”lə matçda xal itkisi sonda “Zirə”nin 3-cü yeri əldən verməsiylə nəticələndi. İndi, ümumiyyətlə, komanda avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzədi. Yaranan fasilə ən çox “Zirə”yə lazım idi. Baş məşqçi Ayxan Abbasov yaranan bundan yaxşı istifadə edə bilməsə, komandanın 4-cü yeri də əldən verməsi qaçılmazdı. Görünən odu ki, “Zirə”də nələrisə dəyişmək lazımdı. Bunun nə olduğunu isə Abbasov tapmalıdı.
 

Y K O Q H M T-F Xal
1 Sumqayıt 6 4 2 0 9-4 14
2 Qarabağ 6 3 3 0 5-1 12
3 Neftçi 6 3 2 1 7-6 11
4 Keşlə 6 2 2 2 8-8 8
5 Qəbələ 6 2 2 2 6-6 8
6 Səbail 6 1 2 3 5-7 5
7 Kəpəz 6 1 0 5 3-7 3
8 Zirə 6 0 3 3 5-9 3

 

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin müsabiqəsi çərçivəsində hazırlanıb