Sentyabrın 9-da Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin səkkizinci iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Basqaldakı iclasın davamının Astanada da uğurla nəticələnəcəyinə inandığını bildirib, Türk dövlətləri ilə əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb.
Azərbaycanın TDT çərçivəsində bir sıra ortaq layihələri uğurla həyata keçirdiyini qeyd edərək, bu cür tədbirlərin gələcəkdə daha çox və davamlı uğurlara birgə qazanılacağına inandığını bildirib.
Çıxışının sonunda nazir Fərid Qayıbov həmkarlarını Lənkaranda 2024-cü il üçün “Türk Dövlətləri Təşkilatının Gənclər Paytaxtı”nın bağlanış mərasiminə, eləcə də gələn il ölkəmizdə keçirilməsi planlaşdırılan “Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin I Forumu”na dəvət edib.
Tədbirdə çıxış edən digər ölkələrin nazirləri bundan öncəki iclasa Basqalda uğurla ev sahibliyi üçün Azərbaycana təşəkkür ediblər. Türk dövlətlərinin Olimpiya həmrəyliyindən danışan Özbəkistanın idmanın inkişafı naziri Adxam İkramov Paris-2024 Olimpiadasında cüdoçularımızın uğurlu çıxışını da xüsusi qeyd edib və bu münasibətlə Azərbaycanlı həmkarı Fərid Qayıbovu təbrik edib.
İclasda türk dövlətləri arasında gənclər və idman sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və digər məsələlər müzakirə edilib.