Haitiyə 0:3 hesabıyla məğlub olan Azərbaycan millisi bir daha Fernando Santuşun rəhbərliyi ilə sərgilədiyi oyunla edə biləcəyinin bura qədər olduğunu göstərdi.
Beləliklə, milli komandanın baş məşqçi postuna təyinatından sonra Santuş 6-cı məğlubiyyətinə uğradı. Bunun üçün ona cəmi 7 oyun bəs etdi.
Yanlış seçim
Təcrübəli mütəxəssis artıq müəyyənləşdirdiyi start heyəti ilə uduzmuşdu. Forma geydikləri klublarda son zamanlar kifayət qədər oynamayan Mahir Emreli və Rahil Məmmədov kimi simaların bu görüşün start heyətində yer alması təəccüb doğurdu. Xüsusən, Rahili mərkəz yox, müdafiənin sağ cinahında oynatmaq heç bir məntiqə sığmır. Ona görə rəqib həmin nayihədən qapımızda təhlükələr yaratdı. Digər bir məqam hücum xəttində 3 sol ayaq futbolçunun (Toral Bayramov, Mahir Emreli, Nəriman Axundzadə) çıxış etməsidir. Qəribə təsadüf, yoxsa…
Santuşun hücum futbolu oynatmaq niyyəti var idisə, bunun üçün hücumda Renat Dadaşova üstünlük vermək daha yaxşı olardı. Renat yeni komandasında (“Radomiak”) çıxdığı ilk 3 matçda 2 qol vurmağı bacarıb.
Əvəzetmələrin oyuna təsiri
İkinci yarının başlanğıcında Musa Qurbanlı ilə Elvin Camalov Ozan Kökçü və Aleksey İsayevi əvəzlədi. Camalovun meydana daxil olması, komandanın ən yaralı yerlərindən biri olan dayaq yarımmüdafiəçisi mövqeyini gücləndirsə də, Musa hücum xəttində həmin effekti vermədi. Bir sözlə, Musanın Ozanla yer dəyişməsi mərkəz xəttinin daha da zəifləməsinə və rəqibə əl-qol açıb, rahat şəkildə hücuma çıxmalarına şərait yaratdı. Ümumiyyətlə, Musanın ustalıq səviyyəsi arzulanan durumda deyil.
Heyətin və sərgilənən futbolun aşağı səviyyədə olması rəqibin qol-qanadını açdı. Bəsit epizodda, bəsit səhvlər buraxan komandamız 2-ci qolu yedi. Nə oyun üslubu, nə fiziki dirənişi bəlli olan yığmamızın tempi artırması üçün Xəyal Əliyev, Səbuhi Abdullazadə və Renat oyuna daxil edildi. Ancaq Santuşun bu müdaxiləsi də heç nəyi dəyişmədi.
Bərbad, məzmunsuz futbolun bonusu – Haiti millisi müdafiə xəttimizi alçaldılaraq 3-cü qolu qapımızdan keçirdi.
Nəticə
Yenə oyundan sonra ənənəvi mətbuat konfransı, yenə baş məşqçinin bəhanələri. Ötən ilin iyunundan rəhbərlik etdiyin komandaya 1 qələbə belə verə bilmirsənsə, yalançı sözlər, vədlər verməyin mənası yoxdur. Bu müddətdə demək olar ki, mümkün seleksiyaların və rotasiyaların hamısını edib. Əldə olan material bəlli, nəticə də göz önündə. 5 nəfərlik əcnəbi məşqçi korpusuyla biz yalnız bahalı xərcə “nail ola bilmişik”.
Mirkamal Kazım