Azərbaycan Premyer Liqasında 4 tur geridə qalıb. Ölkə futbolunun köklü klublarından “Neftçi” və “Kəpəz” turnir cədvəlinin son sıralarında qərarlaşıblar.
“Neftçi” 4 oyunda qələbəsizdir və 3 xalla 9-cu pilləni tutub. “Kəpəz” isə ümumiyyətlə xal qazana, qol vura bilməyib və son sırada yer alıb.
Ölkə futbolunun köklü klublarının indiki vəziyyəti ağır səslənsə də, acınacaqlıdır. Komandalar sonlarda qonşu pillədə yer alsa da, vəziyyətləri bir-birinə əksdir.
“Neftçi” Azərbaycan futbolunda kifayət qədər yaxşı şəraiti, büdcəsi, heyəti olan kollektivlərdəndir. Maddi vəziyyətinə görə demək olar, hamını üstələyən “ağ-qaralar”da yaradılan şəraitlə real mənzərə üst-üstə düşmür. Hər il dəyişən saysız-hesabsız legionerlər, baş məşqçilər olsa da, nəticələr qənaətbəxş deyil. Son turda da “Araz-Naxçıvan”dan bir xalı son saniyələrdə vurulan qolla qazandılar.
“Kəpəz”in vəziyyəti daha çətindir. Klubun normal sponsoru yox, büdcə də aşağı. Transfer edilən legionerlər ölkələrinin aşağı liqa komandalarında oynayanlardır. “Kəpəz” artıq neçə ildir, elitada qalmaq uğrunda mübarizə aparır. Gəncəlilərdə əlavə ənənə də yaranıb, mövsümün startında – 6-7 turda məğlubiyyətlər sıralanır, baş məşqçi dəyişir və yenidən komanda güc-bəla ilə çempionatda qalır. “Kəpəz”i yenə eyni aqibət – baş məşqçi dəyişikliyi gözləyir. Buna baxmayaraq, bu dəfə elitada qalmaq da çətin məsələ olacaq. Bu mövsüm Premyer Liqaya yüksələn “Şamaxı” sərgilədiyi oyunla rəğbət qazana bilib. Autsayderliyə digər namizəd “Araz-Naxçıvan” da xallar qazanmağa başalyıb və son turda “Neftçi”ni məğlub etmək üzrə idilər, ancaq əvvəl qeyd edilən son saniyə qolu onları üç xaldan məhrum etdi.
Premyer Liqada “aşağılar”ın mənzərəsi kədərlidir. Ölkə futbolunun adlı-sanlı klublarının indi “zirzəmi”yə düşməsi heç yaxşı hal deyil…
Kamil Əhməd