Azərbaycan Əvəzedicilərə Liqasında dövrəyə yekun vurulub.
18 turdan sonra turnir cədvəlinə 40 xalla “Neftçi-2” başçılıq edir. Rəşad Abdullayevin yetirmələri bu görüşlərdə 12 qələbə qazanıb, 4 heç-heçə edib. 2 dəfə uduzan “ağ-qaralar” 37 qol vurub, 15-ni buraxıb. “Neftçi-2” çempionatda ən az qol buraxan komandadır. Paytaxt təmsilçisi artıq neçə ildir, yarışda dominantlıq edir. Demək olar, hər mövsümü “üçlük”də bitirməyi bacaran, çempion olan komanda bu mövsüm də qızıl medalların ən böyük favoritidir.
İkinci sırada “Turan Tovuz-2” qərarlaşıb. Tovuz təmsilçisi əvvəlki mövsümlərdən fərqli olaraq bu dəfə uğurlu çıxışı ilə diqqət çəkir. Liderdən bir xal geri qalan tovuzlular 12 qələbə qazanıb, 3 dəfə uduzub, 3 dəfə heç-heçə edib. 44 qolla çempionatda ən çox fərqlənməyi bacaran “Turan Tovuz-2” 17 qol da buraxıb. Nizami Ocaqverdiyevin rəhbərlik etdiyi kollektiv bir neçə tur öncə zirvədə yer alsa da, sonradan mövqeyini itirdi.
“Üçlüy”ü “Sabah”ın əvəzediciləri tamamlayır. “Bayquşlar” 18 oyunda 10 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. 4 dəfə uduzan “Sabah-2” 33 qol vurub, 27-ni buraxıb. Komanda liderdən 8 xal geri qalır.
Premyer Liqada autsayder mövqeyində qərarlaşan “Səbail”in əvəzediciləri də eyni durumdadır. “Dənizçilər” 18 turdan sonra cəmi 13 xal qazanıb və 10 komanda arasında sonuncudur. 3 qələbə qazanan, 4 heç-heçə edən “Səbail-2” I dövrədə 11 dəfə uduzub. Bayıl təmsilçisi 11 dəfə məğlub olmaqla çempionatda ən çox uduzan komanda ünvanına yiyələnib.
“Əvəzedicilər”də daha bir maraqlı statistika “Sumqayıt-2″yə aiddir. “Gənclik şəhəri” təmsilçisi bu mövsüm çempionatda heç-heçə etməyən yeganə kollektivdir. 18 turda 8 qələbə qazanan “kimyaçılar” 10 dəfə də uduzub. “Sumqayıt-2” 24 xalla 5-ci pillədə qərarlaşıb.
Əsas komandası Azərbaycan çempionatında dominantlıq edən “Qarabağ”ın əvəzediciləri isə 26 xalla 4-cü pillədə qərarlaşıb. Cavad Mirzəbəylinin yetirmələri 18 turdan 7 qələbə qazanıb, 6 dəfə uduzub. 5 dəfə heç-heçə edən kollektiv 29 qol vurub, 22-ni buraxıb.
Əvəzedicilər yarışlarının keçirilməsində əsas məqsəd gənc oyunçuların rəsmi oyun təcrübəsinin artması, əsas komandaya yüksəlmə şansını əldə etməsidir. Lakin əvəzedici komandalarda oynayan və Premyer Liqada da şans qazanan futbolçuların sayı çox aşağıdır. İstər lider “Neftçi-2”, istər “Turan Tovuz-“, istərsə də “Qarabağ-2″dən bu mövsüm əsas komandaya düşməyi bacaran futbolçu sayı qənaətbəxş deyil. Yalnız “Neftçi-2″dən Murad Məmmədov əsas komandada şans qazanıb, özünü göstərməyi bacarıb. “Kəpəz-2″dən Cavad Kərimov da bəzən elita oyunlarında meydana çıxır.
Əvəzedicilər Liqasında 16 qolla bombardir olan Elçin Qasımov isə “Turan Tovuz”da əsas komandada şans qazanmır.
Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi gündəmdədir. Daha əvvəl çempionatda 21 yaş limitinin ləğvindən sonra bəzi komandaların gənclərə şans vermədiyini gördük. Legioner limitinin ləğvi isə indiki durumda oyunçulara daha pis təsir edə bilər. Bu da öz növbəsində Azərbaycanın U-21 yığmasının nəticələrinə təsirini göstərəcək.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.