“Sabah”ın Əvəzedicilər Liqasında bürünc medal qazanacağı dəqiqləşib. Komanda 67 xalla üçüncü yerdə qərarlaşıb.
Masazır təmsilçisinin baş məşqçisi Rövşən Babayev “FutbolPress“ə açıqlamasında mövsümü dəyərləndirdi:
“Turnir cədvəlini gözümüzün önününə gətirdikdə, əsas komandaya verdiyimiz oyunçu sayına baxdıqda demək olar ki, nəticələr yaxşıdır. Əsas işimiz A komandaya oyunçu vermək olub. Xəyal Əliyev, Fəxri Məmmədli, Rauf Rüstəmli, bundan əlavə Emin Əbilov əsas komandaya çağırılır. İlk ilimizdə normal oyun sərgiləyərək mükafatçılar sırasına düşməyə çalışdıq. Rəhbərlik qarşımıza hədəf qoymamışdı. Çalışdıq əsas komandaya futbolçu verək. Hardasa buna nail olduq. İşimizi normaldan yuxarı qiymətləndirirəm. Maraqlı çempionat keçdi. “Neftçi”ni çempionluq münasibəti ilə təbrik edirəm. “Qəbələ” ikinci, biz də üçüncü yerə layiq idik”.
Mütəxəssis Əvəzedicilər Liqasının ləğv edilməsi ehtimalından da danışdı:
“Əvəzedicilər Liqasını ləğv etdik, bəs futbolçular harda çıxış edəcək? Görün nə qədər orada çıxış edən futbolçular var. Necə olacaq? Bunu ləğv etmək gərək şərait, infrastruktur olsun. 20-dən çox yaxşı potensialı olan futbolçular var. Əvəzedicilər Liqasını ləğv etməyə hazır deyilik. Düşünürəm ki, növbəti il bu məsələyə baxmaq olar. Deyirlər gənc futbolçu yetişdirmək lazımdır, bəs harda formalaşacaqlar? Bir qədər gözləmək lazımdır”.
Məlik Məlikov