Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis sabah baş tutacaq oyunla bağlı bunları deyib:
“Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq. Çünki A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün isə iki rəqibi keçmək lazımdır. Portuqaliya çox güclü futbolçulardan qurulan komandadır. Qrup mərhələsindəki oyunları və nəticələri bunun sübutudur. Bu səbəbdən matçda maksimum gücümüzü ortaya qoymalıyıq. İlk dəqiqədən hakimin son fitinə qədər diqqətli olmaq vacibdir. Çünki Portuqaliya adi səhvdən belə, yararlanmağı bacaran rəqibdir. İstədiyimiz nəticəni əldə etmək üçün meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.
Azərbaycan – Portuqaliya matçı saat 16:00-da başlayacaq.