Əsas ümid onlaradır – Parisi fəth edin!

Mayın 20-də Azərbaycan cüdosu tarixində ikinci dəfə dünya çempioantında qızıl medal qazanıldı. Bu qələbəni ölkəmizə milli komandanın üzvü, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bəxş etdi. Dövlət Himnimiz cüdo üzrə dünya çempionatında ilk və sonuncu dəfə 2013-cü ildə Braziliyada səslənmişdi. Həmin vaxt Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olmuşdu. İndi də Hidayət bu sevinci Azərbaycana bəxş etdi, düz 11 ildən sonra. Əslində 11 ildir dünya çempionumuzun olmaması ciddi məsələdir. Zaman-zaman mətbuatda bunun səbəbləri haqda yazılar dərc olunub, problemlər qabardılıb. Lakin son illərdə görünən odur ki, Azərbaycan cüdosunda canlanma, inkişaf hiss olunur. Düşünürəm ki, illərdir uğursuzluqların fonunda son iki Avropa çepionatında 4 qızıl medal qazanmağımız inkişafın, aparılan düzgün işin ifadəsi ola bilər. Hidayətin dünya çempionu olması isə bu fikri bir daha təsdiq edir.

Heydərov bu il üçün qarşısına qoyduğu 3 əsas hədəfin 2-nə nail oldu. Belə ki, o, üç böyük yarışda – Avropa və dünya çempionatında, Olimpiya oyunlarında çempion olmağı hədəflədiyini qeyd edib. Ötən ayın 24-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi, 26 gün sonra dünya çempionu adına layiq görüldü. Sonuncu və əsas hədəfə çatmaq üçün təxminən 2 ay vaxt qalır. Hazırda 73 kq-da dünya reytinqinin birincisindən Yay Olimpiya Oyunlarında qızıl medal gözləyənlərin sayı az deyil. 4 qat Avropa çempionu Heydərov Azərbaycanın Yay Olimpiya Oyunlarında 2 əsas “qızıl” ümidindən biridir. İkincisi isə yunan-Roma güləşçisi, 67 kq. çəki dərəcəsində mübarizə aparan 2 qat Avropa çempionu, dünya ikincisi Həsrət Cəfərovdur. Pəhləvanımız texnikalı və əzmkar mübarizəsi ilə nəyinki ölkə güləşsevərlərinin, hətta dünya güləş ictimayyətinin rəğbətini qazanıb. Cəfərovunda Hidayət kimi qarşısına qoyduğu əsas məqsəd Olimpiya “qızıl”ıdır. Lakin iki məqamı qeyd etmək yerinə düşər. Biri azarkeşlərdən, mediadan, ikincisi isə idmançılarımızın özündən asılıdır. Birinci məqam odur ki, hər iki idmançıdan bu qədər gözlənti onlara psixoloji cəhətdən mənfi təsir edə bilər. İkinci nüans isə atletlərimizin arxayınlaşmamasıdır. Zaman və təcrübə sübut edir ki, Avropa və dünya çempionatlarında uğur qazanan idmançılar arxayınlıqdan dolayı olimpiadada medal qazana bilməyiblər. İnanır və ümid edirik ki, bu hal bizim idmançılarımızın başına gəlməyəcək.

Məlik Məlikov