Mövzu ilə bağlı “Neftçi”nin U-10 komandasının sabiq məşqçisi, hazırda “Zəngəzur” Futbol Klubunda çalışan Azər Cabbarovla əlaqə saxladıq. U-8 və U-14 komandasında işləyən mütəxəssis uşaq futbolundakı problemlərdən və həll yollarından söz açdı:
– Uşaq futbolunda hazırda vəziyyət necədir?
– Kifayət qədər yaxşı, istedadlı uşaqlar var. AFFA-da məşqçilərə təlim keçən savadlı kadrlar, təlimatçılar var. Onlara Avropa ölkələrinin təcrübələrinə əsaslanan proqram üzrə hazırlıq keçilir. Son illərdə inkişaf üçün atılan addımlar var. Məsələn, aşağı yaş qruplarında xal hesablamaları ləğv olundu və bu, çox yaxşı haldır. Əsas diqqət nəticəyə yox, uşaqların inkişafına, onların praktikasının artmasına yönəlib.
– Addımlar atılır, amma hələ gözlə görünən inkişaf yoxdur…
– Ola bilər. Amma baxır məsələyə necə yanaşılır. Almaniya kimi ölkədə akademiyadan kluba 3 faiz uşaq yüksələndə, bunu uğur kimi qələmə alırlar.
– Bizdə 3 faiz var?
– Bizim problemin biri klublarla bağlıdır. Əsas liqada oynayan komandalar gənc və yerlilərdən çox, legionerlərə şans verir. Bu da uşaqların əsas komandada yer tapmasına çətinlik yaradır.
– Aşağı yaş qruplarında əsas narazılıq məşqçilərlə bağlıdır. İctimaiyyət savadlı kadrların azlığından şikayətçidir…
– Mütəxəssislər yetişir, problemin bir çox səbəbləri var. İlk növbədə uşaqlar üçün beynəlxalq turnirlərə gedilmir. Avropa ölkələrində il ərzində bir neçə dəfə xaricə çıxış varsa, bizdə cəmi bir dəfə ola, ya olmaya. Uşaqlar beynəlxalq təcrübəyə yiyələnmirlər. Sonra bəzən valideynlərin də təsiri olur, nəticə tələb edir, uşaqları təzyiq altına salırlar.
– Səbəblərin çox olduğunu dediz. Belə də hal var ki, bizdə elitada olan klubların əsas heyətlərində demək olar, yetirməsi yoxdur… Akademiyadan çıxan uşaqlar bir anda yoxa çıxır.
– Düzdür, müşahidə edilən problemlərdir. Bunun da başlıca səbəbi klubların aşağı yaş qruplarını diqqətdə saxlamamasıdır. Əsas komandadan hamı nəticə tələb edir, legionerlər gəlir və onlar da gənclərin şans qazanmasına mane olur. Məşqçilər yerlidənsə, əcnəbiləri oynatmağı üstün tutur.
– Bunlar həll olunsa, vəziyyət düzələcək?
– Hər şey yavaş-yavaş planlı olmalıdır.
– Gedişat nəyi göstərir?
– Bunu deyə bilmərəm. Amma AFFA və Gənclər və İdman Nazirliyi tərəfindən proqram hazırlanmalı, bu istiqamətdə işlər görülməlidir.
– Siz özünüz valideynlərlə bağlı söhbətlər edirsizmi?
– Məşqlərdən əvvəl, bəzən də sonra danışırıq. Onlara uşaqların durumunu bildirir, problemlərdən, nəticənin vacib olmamağından bəhs edirik. Səbirli valideynlər çoxdur.
– Uşaqlarla iş zamanı hansı çətinliklərlə üzləşirsiz?
– Çətinliyimiz yoxdur, rəhbərliyimiz tərəfindən hər bir şərait yaradılıb. Müxtəlif yaş kateqoriyaları üzrə komandalarımız var və çempionatlarda iştirak edirik. Tək çətinliyimiz stadionla bağlıdır, onun da düzələcəyinə inanırıq.
– Aşağı yaşlarda uşaqların hansı yönlərinin inkişafına daha çox diqqət edirsiz?
– Məşqlərimiz həftədə üç dəfə olur. Hər bir istiqamətdə çalışırıq. Müdafiə olunmaq, hücum, fərdi mübarizələr, onların intizamı və s. Uşaqlar həvəslidirlər, oynamaq istəyirlər.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu