Futbol üzrə Azərbaycan yığması iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək. Millinin müvəqqəti baş məşqçisi Arif Əsədov yoxlama xarakterli matçlar üçün 24 oyunçuya dəvət göndərib.
Daha əvvəlki seçimlərdə olduğu kimi bu dəfə də Əsədovun birmənalı qarşılanmayan dəvətləri var.
Başlayaq, “qapıdan”. Əsədov bu dəfə nə az, nə çox – düz dörd qapıçıya ehtiyac duyub. “Adana Demirspor”dan Şahruddin Məhəmmədəliyev, “Qəbələ”dən Rəşad Əzizli, “Neftçi”dən Rza Cəfərov və “Sumqayıt”dan Mehdi Cənnətov toplanışa çağırılıb. Şahruddin, Rza və Mehdi başadüşüləndir, daimi şans qazanır, pis də çıxış etmirlər. Amma Rəşad Əzizlinin təyinatı anlaşılan deyil. Premyer Liqada üçüncü sıranı tutan “Sabah”dan Yusif İmanov (daha əvvəlki toplanışlarda yer alıb) dəvətdən kənar qalıb. “Qəbələ” isə mövsümü sonuncu sırada bitirib, autsayderdir…
Yarımmüdafiədəki seçimlər yerindədir. Komandasında mütəmadi oynayan, faydalı iş əmsalı yaxşı olan oyunçular orta xətt üçün çağırılıb. Belə desək, dəvət alanlardan daha yaxşı alternativlər yoxdur.
Belə ki, bu mövsüm İsveçin “Yurqorden” klubunda əsas komandada şans qazanmayan Musa Qurbanlı siyahıda yerini alıb. Maraqlıdır, forvard demək olar, son bir ayda əsas komandada oynamayıb, arada əvəzedicilərdə qol vurur, o da penaltidən. Əvəzində kim çağırılsın? Onu demək də çətindir, uzun illərdir Azərbaycan futbolunda hücum oyunçusu problemi yaşanır. APL klublarının əksəriyyətində də sözünü deyə bilən forvardlar məhz legionerlərdir.
Əsədov martda keçirilən FIFA turnirində də demək olar, bu oyunçulara dəvət göndərmişdi. Səbəbi isə açıqlananda klublarında az şans qazananları millidə oynatmaqla onlara təcrübə qazandırmaq olduğunu bildirmişdi. Yəqin, yeganə yığmalardanıq – oyunçu praktika artırmaq üçün milliyə gəlir.
Arif Əsədovun Monqolustan və Bolqarıstanla oyunları yığmadakı işi adına ölçü ola bilməz, olmamalıdır. Mütəxəssisin növbəti sınağı Albaniya və Qazaxıstanla olacaq və bu komandalar nə monqollara bənzəyir, nə bolqarlara. Maksimum ciddiyət və Millətlər Liqası öncəsi oyunçularla bağlı müəyyən fikirlər formalaşmalıdır. UEFA turnirinə klubunda şans qazanmayanlarla getmək baha başa gələ bilər. Fiziki forması, praktikası yerinə olanlarla nəticəyə oynamaq mümkündür. 20-ci dəqiqədən oyundan düşənlər yox.
Azərbaycan yığmasının hər iki sınaq matçı Macarıstanda təşkil olunacaq. Albaniya ilə görüş 21:00-da, Qazaxıstanla matç isə 18:00-da start götürəcək.
Şahin Cəfərov