Emreli “Nürnberq” üçün tibbi müayinədən də keçib, amma…

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Nürnberq”ə keçidi sual altına düşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Almaniya II Bundesliqa təmsilçisi üçün tibbi baxışdan keçən Emreli hələ klubla müqavilə imzalamayıb. Bunun səbəbi isə açıqlanmır.

Mahir “Sabah”dan təklif alsa da, Azərbaycanda “Qarabağ”dan başqa komandada oynamaq istəmədiyi üçün bunu rədd edib. 25 yaşlı hücumçunun Əlcəzairdən də təklifi olduğu bildirilir, lakin o, “Nürnberq” variantı masada ikən digər seçimlərə baxmaq istəmir.

Mahir Almaniya klubu ilə müqavilə imzalamazsa, digər variantları düşünəcək.

Müqavilə ilə Xorvatiyanın “Dinamo” klubuna məxsus olan forvardın klubdan ayrılacağı demək olar, dəqiqdir.