AFFA-nın Hesabat-Seçki konfransını yeni ilin əvvəllərində baş katib təyin olunmuş Cahangir Fərəcullayev aparırdı. Onun moderatorluğu əvvəlki baş katiblərinkindən bir qədər fərqli oldu.
Cahangir bəy sanki tənqidçi mövqeyindən çıxış edərək uşaq futbolu, milli komandalar, liqalar, hakimlik, kadr problemlərini qabartdı və maraqlıdır ki, nitqində “sıfırdan başlamalıyıq” kimi sərt təyin işlətdi.
Bunlar diqqətçəkən pozitiv məqamlar idi. Gələcəkdə bu əhvalın davamı kimi işlər görülsə, əntiqə olar. Əks halda, növbəti emosional taftaloji manipulyasiya nümunələrindən biri kimi…
Cahangir bəyin çıxışında diqqətçəkən boşluqlar da oldu. Bəzilərini qabartmaq lazımdır. Bəlkə faydalı olar.
Onlardan ən qabarıq olanı, yeni İnkişaf Strategiyasının onun təyinatından sonra real hərəkətə keçməsi, bir növ əsas icraçı kimi ona həvalə edilməsini deməsi idi. Baş katib bununla dozası aşılmış emosiyaya uğradı və bildirək ki, futbol aləminin spesifikası belə halları adama bağışlamır.
Bundan başqa, Fərəcullayev çıxışının əksər hissəsini, “… malıdır, …məlidir” tərzində qurmuşdu. Elə bu səbəbdən mətbuat konfransında ona, Strategiyanın necə tətbiq olunacağına dair layihə-smetanın olub-olmadığına dair sual verdim. O isə smeta barədə dəqiq yox, “yəqin” cavabı verdi. Bu vəziyyət heç də yaxşı gələcəkdən xəbər vermir.
Bundan başqa, nə və necə düzəldiləcək mövzusunda sualıma cavab da rasionallıq yox, emosionallıq üzərində qurulmuşdu.
Strategiya, AFFA prezidenti Rövşən Nəcəfin də bildirdiyi kimi, çox cazibəli hazırlanıb. Ona görə də bu ağırlığın altına çiyin qoymaq ciddiyyət və təcrübə tələb edir.
Layihənin smetalaşdırılması və icra tayminqi barədə ictimaiyyətə dəqiq və səhih məlumatlar çatdırılmalıdır.
Hər halda, Cahangir bəyin qətiyyətli və səmimi çıxışını buraxdığı boşluqlarla üz-üzə qoyub nəticəni simvolik olaraq heç-heçə elan edək. İnanaq ki, zamanla reallaşdırma hissəsi nəticədə üstünlük qazanacaq…
Elçin Cəlilov