“Neftçi”nin qapıçısı Emil Balayevin “FutbolPress“ə müsahibəsi:
– Zədə üzündən təxminən ilyarım sonra kubokda “Difai” ilə matçda (6:0) meydana çıxdınız. Hissləriniz necədir?
– Futbolda zədələr qaçılmazdır. Mənim zədəm 1 il 5 ay çəkdi. Azarkeşlər, oyun üçün çox darıxmışdım. Uzun müddət sonra meydana çıxmaq xoş hisslər idi.
– Ağır zədəyə görə karyerasını bitirmək qərarı verən futbolçular az deyil. Bəs siz zədə periodunda bu haqda düşündünüz?
Düzdür, futbolçu üçün bu müddət çox uzundur. Ancaq heç vaxt karyeramı bitirmək haqda düşünmədim. Çətinliklərə baxmayaraq, özümü psixoloji cəhətdən zəif insan hesab etməmişəm. Özümdə güc tapdım və yenidən qayıtdım.
– Yaxşı formaya düşmək üçün nə qədər vaxta ehtiyac var?
– Uzun müddət kənarda qalandan sonra toparlanmaq tez olmur. İyun ayından məşqlərə başlamışam. Düzdür, əvvəl tam gücümlə hazırlaşa bilmirdim. Yavaş-yavaş fərdi məşqlər edərək artırmağa başladım. Daim həkimlərin nəzarətində olurdum. Bir neçə ay fərdi çalışdıqdan sonra komandaya qoşuldum. Biz futbolçuyuq və işimiz oynamaqdır. Hazır olduğumuzu göstərməliyik.
– Komanda çempionatda 8-ci pillədədir. Durumu necə şərh edərdiniz?
– Hazırda olduğumuz mövqe “Neftçi”nin adına və tarixinə uyğun deyil. Klubdakı hər kəs, hər oyunçu istəyir ki, bu durumdan çıxaq. Samir Abasovun özünəməxsus fəlsəfəsi var. Onun tapşırıqlarını maksimum yerinə yetirə bilsək, yüksək yerlərə qalxa bilərik.
– Daha əvvəl Azərbaycan yığmasının əsas qapıçısı idiniz. Zədədən sonra yenidən milliyə düşmək çətin olmayacaq?
– Millidə olmaq hər oyunçu üçün qürurdur. Bunun üçün əlimdən gələni edəcəyəm. Futbolçunun peşəkarlığı onun əzmi, işidir. Millinin məşqçiləri çempionat oyunlarını izləyir və özümüzü göstərməliyik. Ümid edirəm ki, yenidən yığmaya düşə bilərəm.
Şahin Cəfərov