Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov ötən ilin dekabrındakı avtoqəzadan sonra sağlamlığını bərpa edib və bir müddətdir ki, işə çıxır.
“Report”a müsahibə verən Səmədov açılan bir neçə mövzuya şablon cavablar verib. Məsələn, Premyer Liqada klub sayının yaxın illərdə atmayacağını və buna səbəb kimi infrastruktur yetərsizliyini göstərməsi ciddi məqamdır.
Əslində, bu məqam futbolun içində olanlara bəlli idi, sadəcə, yeni AFFA rəhbərliyində keçmiş idarəçiliyin nöqsanları üzərində tənqid bumu yaradan müəyyən qüvvələr var idi… Onlar artıq indi rəhbərlikdə təmsil olunur və təbii olaraq, futbolu yaxından izləyənlər onların vəd etdiklərinin icrasını gözləyir. Ki, o vədlərdən biri də Premyer Liqada klub sayının artırılması məsələsi idi.
Elxan bəyin bu mövzuda realist yanaşması bizə iki məsələni açmış olur:
1. İndiki rəhbərlik, demək olar, heç nəyə hazır deyil və bunun üçün hələ ki tutarlı addımlar da ata bilmir;
2. AFFA nəzdində ən ciddi postlardan birini tutan Elxan Səmədov yeni rəhbərliklə eyni “iqlimdə” deyil;
Hazırkı idarəçi eşalonu barədə neqativ aura artıq formalaşmaqdadır və buna ən bariz səbəb islahatların getməməsi, real nəticəsi olan addımların yoxluğu və s. Bunlar artıq bilinən detallardır, lakin Elxan bəyin son müsahibəsi həm də göstərdi ki, o, mövcud durumu daha real açıqlayır və yalançı vədlərin arxasında gizlənmir.
Bu sezinti yeni “futbol xəritəsində” əhəmiyyətli, ciddi dəyişikliklər və hərəkətlilik yarada bilər. Təbii ki, hərəkət olarsa…
Elçin Cəlilov