Elvin Məmmədov: “Ümid sonda ölür”

Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Səbail” – “Qarabağ” (1:4) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Bizi ağır oyun gözlədiyini bilirdik. Uşaqlara təşəkkür edirəm. Sona qədər mübarizə apardılar.

– Futbolçu karyeranızın son anlarında demişdiz ki, I liqada oynamaram. Bəs məşqçi kimi necə?

– İlk növbədə rəhbərliyə təşəkkür edirəm ki, bu yaşda belə məsuliyyəti mənə veriblər. Sonu düşünmək istəmirəm. Nə olacaqsa, xeyirlisi olacaq. Məşqçi kimi isə niyə də olmasın? Ambisiyalı danışmağa ehtiyac yoxdur.

– Başlanğıcda ard-arda 2 qol buraxmaq necə təsir etdi?

– Bəli, 7-8 dəqiqə yaxşı mübarizə apardıq. “Qarabağ”ın gücünün də fərqindəyik. Sadəcə səhv ucbatından belə hesab qeydə alındı. Futboldur, belə hallar olur.

– Özünüzə niyə çox tez şans verildiyini düşünürsüz?

– Bəlkə də bu fikir mənim təcrübəsizliyimdən irəli gəlir. Amma Avropa futbolunda bu gün N qədər gənc məşqçilər var. Sadəcə kateqoriya baxımından dedim.

– Belə çətin dönəmdə özünüzü necə motivasiya edirsiz?

– Futbolçu kimi də bu çətin vəziyyətləri yaşamışam. Bəli, çətindir, amma bu işi sevirəm. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər.

– Bu xal fərqini əritməyi mümkün görürsüz, yoxsa möcüzə gözləyirsiz?

– Futbolda hər şey mümkündür.

– Cavid Hüseynov istefaya göndərilən gün dedi ki, komanda yiyəsizdir. Bəs indi necə?

– Hər kəsin öz fikirləri var. Mən Cavidin yanaşmasına qarışa bilmərəm. Mənim üçün rəhbərliyin dəstəyi var. Bunu hiss etdiriblər ki, buradayam.

Mirkamal Kazım