Əlvida, Avropa!

“Qarabağ” Avropa Liqasında Liqa mərhələsinin sonuncu turunda “Olimpiakos”a məğlub oldu – 0:3. Qurban Qurbanovun yetirmələri beləliklə turnirdə mövsümü 3 xalla 36 komanda arasında sonuncu sırada başa vurdu.

Yeni formatlı turnirin püşkü atılandan sonra təxminlər “Qarabağ”ın daha çox xal toplayacağı yönündə idi. Lakin itirilən xallar, qaçırılan epizodlar, buraxılan səhvlər yekunun belə olmasına gətirdi. Xüsusilə, ev oyunlarındakı məğlubiyyətlər komandaya baha başa gəldi.

“Qarabağ” üçün avrokuboklarda mövsüm başa çatdı. Yeni mövsümə daha yaxşı hazırlaşmaqçün ilk növbədə builki səhvlərdən nəticə çıxarmaq mütləqdir. Son oyunlarda künc zərbələrindən qollar buraxan “Qarabağ” Pirey səfərində də kornerlərin qurbanı oldu.

Komandada çatışmazlıqlardan biri də hücum xətti ilə bağlıdır. Musa Qurbanlı və Nəriman Axundzadə qol yükünü çəkə bilmir. Premyer Liqada fərqlənməyi bacaran yerli forvardlar Avropa arenasında istənilən səviyyədə deyil. Qış transfer dönəmində “Flamenqo”ya keçən Juninyonun yoxluğu da son matçlarda aşkar hiss edilir.

Qarşıda Premyer Liqa və ölkə kubokunda mübarizə var. Məğlubiyyətin psixoloji təsirləri qaçılmazdır, lakin durumdan tez çıxmaq və irəli köklənmək, daha güclü qayıtmaq önəmlidir.