Elmar Baxşıyev: “Qaraya hər dəstəyi verməyə hazırıq”

Azərbaycan Premyer Liqasının XII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Yolumuza davam edirik. Düşünürəm ki, bu da bizim maksimumuz deyil. Oyun planında daha da artırmalıyıq.

– İlk yarıda dinamik, hücumameyilli oynasanız da, ikinci hissədə bir az zəif göründüz. Dəyişikliklər etsəniz də, faydası olmadı…

– Futbolda elə qanun yoxdur ki, əvəzetmədən meydana daxil olan futbolçu oyunu dəyişməlidir. Birinci hissədə zədələnən oyunçumuz oldu, Bəxtiyar Həsənalızadə. Ona uyğun da rotasiyaya getməyə məcbur qaldıq. Çünki həmin mövqedə yerli olmadığı üçün əcnəbi futbolçumuzu meydana buraxdıq. İkinci hissə birinci hissədən daha çox epizodlara girdik. Sadəcə son nöqtəni qoya bilmədik.

– Qara Qarayevin sona qədər ehtiyatda qalmasının səbəbi nə idi?

– Qaranın durumu hamıya bəllidir. İki gün öncə mənim istəyimlə komandaya qoşulub. Günlər keçdikcə Qara komandamıza fayda verəcək.

– Psixoloji, yoxsa fiziki cəhətdən hazır deyil?

– Psixoloji durumu qaydasındadır. Keçmişlə yaşayacağıqsa, gələcəyə heç vaxt ümid olmayacaq. Onu başa düşür. Qaraya hər  dəstəyi verməyə hazırıq. Qara təcrübəli futbolçudur, yaxşı performansa çatacaq.

– Turan Vəlizadəyə göstərilən qırmızı vərəqəni haqlı sayırsız?

– İki sarı vərəqə ilə cəzalandırıldı. Cavan futbolçudur. Cavanlarda emosiya daha artıq olur. İki oyun epizodu idi. Daha təmkinli olmalıdır. 

Şahin Cəfərov