Azərbaycan Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (1:4) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Bəzi elementlər var idi ki, məşqlərdə hazırlaşır, göstərirdik. Bu gün “Qarabağ” bunu etməyə imkan vermədi. Yeni komandayıq, turlar keçdikcə daha məzmunlu komanda olacağıq.
– Yəqin ki, Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun açıqlamasını görmüsünüz. Bu, sizdə və komandada təzyiq yaradırmı?
– Bu gün daha çox o açıqlama yox, “Qarabağ” təzyiq göstərirdi. Ümumi olaraq yox. “Qəbələ”dən ayrılandan sonra məni Zaur Axundov bura gətirib. Onun təşəbbüsü ilə “Araz-Naxçıvan”a gəlmişəm. Futbol həyatıdır. Gələcəkdə necə olacağını zaman göstərəcək.
– İlk dəqiqələrdən Tərlan Əhmədlinin səhvi yəqin, futbolçulara psixoloji təsir etdi…
– Belə səhvlərdən kimsə siğortalanmayıb. Tərlan inandığımız qapıçıdır. Qarşıdakı oyunlarda yenə ona şans verəcəyik. Məğlubiyyətimizin səbəbi Tərlan deyildi. Düzdür, ilk qol təsir etdi, amma əsas səbəb bu deyil. “Qarabağ”a qarşı geri düşəndə oyunu dəyişmək çətindir. Yenə də pozitivik və inanıram ki, qarşıdakı oyunlarda daha yaxşı komanda görəcəyik.
– Cinah oyunçuları sürətdə geri qalırdı. Hücumları mərkəzdən etməyinizə əsas səbəb nə idi?
– Hücumda oynayan oyunçularımız keyfiyyətlidir. Onların bacarıqlarından istifadə etməyə çalışırdıq. “Qarabağ” cinahları bağlamışdı, ona görə məcbur olub mərkəzdən hücum edirdik.
– “Qəbələ”də döyüşkən komanda yarada bilmişdiniz. Burada isə nəticə qazanmaq lazımdır…
– Müdafiədə və hücumda effektiv ola bilirik. Məşqlərdə bunu görmüşük. Fikrimiz, istiqamətimiz var. Bununla da davam edəcəyik.