Azərbaycan Premyer Liqasının X turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb…
– Ağır oyun olacağını bilirdik. Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. İlk dövrədə də bizə çətinlik yaşatmışdılar. Ümumi götürəndə komanda meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq.
– Oyun tez-tez dayandırdı. Xırda faullar çox verilirdi. Temp sizi qane etdi?
– Oyunun dinamikası yaxşı idi. Hər iki komanda əzmkarlığı göstərirdi. Hakimlik normal idi.
– Müdafiədəki oyununuzdan razısınız?
– Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Müdafiə planında bəzi boşluqlar verirdik. Bu da normaldır.
– Sezar Meza Kolli nə dərəcə faydalı olacaq?
– Yaxşı keyfiyyətlərə sahib oyunçudur. Onu iyunda heyətə qatmaq istəyirdik, sadəcə qismətdə daha gec alındı.
– Sanki çox güc sərf etməməyə çalışdınız…
– Ayxan Abbasovun komandaları bizi hər zaman təəccübləndirir. Oyunçu sıxıntıları ola bilər, amma intizamları olur. Komandanı ağır oyuna kökləmişdik. Öz komandamın oyunu bizi düşündürürdü. Komanda olaraq artıra bilərik.
– Nəticə qazanmaq və gənclərə şans vermək paralel olaraq çətin olmayacaq?
– Gənc özü də yerini qazanmalıdır. Bu gün meydana daxil olan Mustafa Əhmədzadə təlim-məşq toplanışında bizə siqnallar verilirdi. Kimsə gənc oyunçunun oynamasını istəyir deyə heyətə qoymuruq. Uşaqlar özləri də bununçün çalışmalıdırlar.
Şahin Cəfərov