Elmar Baxşıyev: “Hədəflər barədə danışmaq üçün hələ tezdir”

Azərbaycan Premyer Liqasının II turunun “Araz-Naxçıvan” – “Şamaxı” oyunundan (1:0) sonra ev sahibi klubun baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

–  Maraqlı oyun alındı. Hər iki komanda hücum futboluna üstünlük verirdi. “Şamaxı” yeni komanda olsa da, Ayxan müəllim hər zaman əzmkar kollektiv formalaşdırır. Buna görə də həftə ərzində komandanı ağır oyuna kökləyirdik. Komanda meydanda verilən tapşırıqları yerinə yetirməyə çalışırdı. Biz getdikcə daha da yaxş olmaq istəyirik. Bu komanda bu gün hücumda daha rəngarəng və məzmunlu oyunun siqnallarını verdi. Ümumən ilk qələbəmiz oldu. İstədiyimiz yerə qalxmaq üçün çox çalışmaq lazımdır.

–  Futbolçularda sanki yorğunluq hiss edilir. Siz bunu nə ilə əlaqələndirə bilərsiniz?

– Yox, deməzdim ki, futbolçularım yorğun idi. Oyuna nəzarət edən biz idik.  İstədiyimiz vaxtı tempi qaldırıb, istədiyimiz vaxtı salırdıq. İndi ikinci tur davam edir və siz də qəbul edin ki, komanda bu qədər tez hazır ola bilməz. Təlim-məşq toplanışı zamanı da iki görüş keçirmişik. Bu gün isə dördüncü oynumuzu oynadıq. Yenə deyirəm getdikcə daha yaxşı olacaq.

–  Bu gün qapıçı mövqeyində dəyişiklik etmişdiniz. Niyə belə bir addımı atdınız? 

–  Hər iki qapıçımız bizim üçün bir nömrədir. Onların ikisinə də tez-tez şans veriləcək.

–  Komandanın çempionatdakı hədəfi nədir?

–  Hələ çempionatın ikinci turu gedir. Qarşıda bizi xeyli oyun gözləyir. Bizim üçün əsas olan bir oyun bitdikdən sonra digəri haqqında düşünməkdir. Qələbələr qazandıqca hədəfdən danışmaq mümkündür.

–  Müdafiə xətti üçün yeni oyunçu axtarışında idiniz. Bununla bağlı yeni məlumat var?

–  Yox, hələ də istədiyimiz müdafiəçini tapmamışıq. Axtarışlarımız davam edir.

 

Fərrux Həsənli