Azərbaycan Premyer Liqasının XVIII turunun “Şamaxı” – “Sabah” oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Vacib qələbə idi. Çoxdandı bunu istəyirdik, çalışırdıq. Hətta son dörd oyunda komandadan oyun baxımından çox razı qalırdım. Bu gün də həqiqətən, qələbəyə layiq idik. Çoxlu qol epizodları oldu. Qol buraxsaq da, ruhdan düşmədik. Futbolçular tapşırıqlarımızı yerinə yetirdilər. Sevinirəm ki, gənclərimiz də artırır. Hər kəsi təbrik edirəm. Qışdan sonra çox çətin olacaq. Elitada qalmaq üçün hələ kifayət qədər xal yığmamışıq. Hər kəs güclənir. Çalışacağıq ki, biz də güclənək.
– Toplanış üçün hansı planınız var?
– Bakıda olacağıq. “Zirə” və “Sabah”la yoldaşlıq oyunları keçirəcəyik. İnşallah, iki həftə yaxşı hazırlıq keçəcəyik.
– Mövsümün əvvəlində qışa qədərki planlarınız tutdu? Yəni, istədiyiniz xalı qazandınız?
– Minimum 15, maksimum 20 xal toplamağı düşünürdük. Ancaq real danışaq, xallarımız az da ola bilərdi. Bəzi oyunlarda istədiyimizi ala bilmədik. Həmişə düşündüyünüz olmur. Bu gün çempionatda heç kim öncədən belə qrafik cıza bilməzdi. Məsələn, “Neftçi” “üçlük”də yoxdur. Çempionatımız gərgin keçir və maraqlı sürprizlər yaşayırıq. Nəyisə indi dəqiq demək olmaz. Lakin elitada qalmaq üçün pis xal yığmamışıq.
– Berezutskiyə qalib gələn ilk məşqçi oldunuz. Bu əncəbi məşqçilərə mesajdırmı ki, Azərbaycan çempionatı asan deyil…
– Hansısa məşqçi ilə belə şeylər düşünmürəm. Berezutski burda böyük təcrübə qazana bilər. Murad Musayevi bəyənirdim, Azərbaycanda yaxşı işlər görüb. Bu gün “Borussiya”da Nuri Şahin baş məşqçilik edir. Amma əvvəlcə Türkiyədə təcrübə keçdi. “Sabah” böyük klubdur və burda təcrübə qazana bilər.
– Gənclərin bəzilərini icarəyə verməyi düşünürsünüz?
– Premyer Liqaya yüksələndə I Liqadakı heyətimizi qoruduq. Rəqabətin artması üçün bəzi futbolçular da dəvət etdik. Edqarı əvvəl heç kim tanımırdı. Düzdür, böyük işlər görməyib, amma inkişafdadır. Eyni zamanda Rüfət, Səbayıl, Zahid kimi oyunçularımız var. Gənclərə tövsiyəm odur ki, daim oynasınlar.
– Adil Nağıyev və Kantariyanın gedişindən sonra oyun baxımından razılıq bildirirsiz. Onların ayrılığı təsir etdi?
– Gənclərə şans veririk və yaxşı da alınır. “Səbail”ə məğlubiyyətdən sonra komandada eniş başladı. Heyətlə bağlı problemlər yaşayırdıq. Gənclərimiz şans qazanmağa başladı və özlərini göstərdilər. Son 4 oyunda uşaqlar sona kimi döyüşdülər ki, məğlub olmasınlar. “Qarabağ”la oyunda, Tovuz səfərində necə oynadığımızı gördük.
Şahin Cəfərov