“Elfsborq”la oyuna doğru: “Qarabağ”ı İsveçdə gözləyən təhlükə

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda “Elfsborq”la qarşılaşacaq. İsveçdə baş tutacaq görüşə saat 00:00-da start veriləcək.

“Elfsborq” bu mövsüm avrokuboklarda İsveçdə 2 oyun keçirib. Komanda bu matçlarda bir heç-heçə edib, bir dəfə qələbə qazanıb. İtaliyanın “Roma” komandasına qalib gələn “Elfsborq”, Portuqaliya “Braqa”sı ilə bərabərliyə imza atıb. Bu mövsüm avrokubokda qazandığı bütün xalları evində əldə edən İsveç təmsilçisi azarkeşləri önündə əlavə motivasiya ilə oynayır.

“Elfsborq” İsveç çempionatda 2024 mövsümünü 45 xalla 15 komanda arasında 7-ci sırada bitirib. Ötən il uğurlu çıxışı ilə avrokuboklara vəsiqə əldə edən komanda çempionat yolu ilə yeni mövsümdə beynəlxalq arenada olmayacaq. “Elfsborq” İsveçdə ev oyunlarında yaxşı performans sərgiləyən komandalardandır. Ötən mövsüm azarkeşləri qarşısında 15 matç keçirən komanda 9 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. 3 görüşdə məğlub olan “Elfsborq”da qolların nisbəti 32:16 olub. Komanda demək olar, ev oyunlarında ortalama hər matça 3 qol vurub. Sürətli hücumları ilə diqqət çəkən kollektiv “Qarabağ” müdafiəsinə problem yarada bilər.

Azərbaycan təmsilçisi kağız üzərində favorit hesab edilir. Komandada əsas problem müdafiə xətti ilə bağlıdır. Mərkəzin iki əsas oyunçusu – Kevin Medina və Bəhlul Mustafazadə zədə səbəbindən görüşü buraxacaq. Qurban Qurbanovun “Elfsborq” səfərində onların əvəzinə Bədavi Hüseynov və Mateus Silvadan istifadə edəcəyi ehtimal edilir. Xüsusilə, Silva əslən cinah müdafiəçisi olsa da, Qurbanov bir neçə dəfə onu mərkəzdə sınayıb və oyunçu pis təsir bağışlamayıb. İsveç səfərində əsas yük hücum xəttinin üzərinə düşəcək. Bu mövsüm realizasiya problemi yaşayan “atlılar” xal və ya xallar üçün mütləq minimum imkanları da qola çevirməyi bacarmalıdır. Əks halda, azarkeş dəstəyinə arxasına alacaq “Elfsborq” komandaya çətinlik yaşada bilər.

Şahin Cəfərov