Azərbaycan I Liqasında bu mövsüm çempion olan komanda elitaya yüksələ bilər. AFFA İcraiyyə Komitəsinin son toplantısında alınan qərara görə, elitada komanda sayı artmayacaq və sonuncu olan komandanı I Liqadan bir klub əvəzləyəcək.
Aşağı liqada hazırda “Qaradağ Lökbatan” və “Şamaxı” çempionluğa iddia edir. Bu gün komandalar Lökbatanda üz-üzə gələcək və qalib qızıl medallar yolunda böyük addım atmış olacaq.
“Şamaxı”nın İdarə Heyətinin rəhbəri Elçin Usub “FutbolPress“ə açıqlamasında İK-nın qərarları və bugünkü matçla bağlı fikirlərini bölüşdü:
“İcraiyyə Komitəsinin qərarları ilə tanışıq. Belə baxanda ciddi bir dəyişiklik yoxdu, mövsümün əvvəlində də əsasnamədə bir komandanın Premyer Liqaya yüksələcəyi qeyd olunmuşdu, yeni qərarda da bu bildirilib. Mövsümün əvvəlində hədəfimiz çempionluq idi, hələ də bunun üçün şansımız var, çalışacağıq çempion olub, Premyer Liqaya vəsiqəni əldə edək.
Qarşıda bizi “Qaradağ Lökbatan”la finala bərabər oyun gözləyir, bütün fikrimizi o oyuna yönəltmişik”.
“Qaradağ Lökbatan” – “Şamaxı” oyunu saat 17:00-da start götürəcək.
Şahin Cəfərov