Bəhlul Mustafazadənin atası: “Namizədim birmənalı şəkildə Toraldır”

Dünən Azərbaycan I Liqasında ilk dövrəyə yekun vuruldu.

Çempionatın əsas favoritlərindən sayılan “İmişli” lider “Qəbələ”dən 8 xal geridə olmaqla dövrəni 3-cü sırada tamamladı. Bölgə təmsilçisinin köməkçisi məşqçisi Ələmdar Mustafayev “FutbolPress”ə açıqlamasında mövsümün ilk yarısını dəyərləndirdi: 

“Durumumuz yaxşıdır. Ancaq mən də rəhbərliyin yerində olsam, çempionluğu tələb edərəm. Lakin bəzi reallıqlar var. Çalışırıq ki, çempionatı maksimum nəticəylə başa vuraq. Hələ qarşıda bizi uzun marafon gözləyir. İndi heç nəyin sonu deyil. Çoxları çempionun elə ilk dövrədə olduğunu düşünür. Belə deyil. İnşallah ki, II dövrədə daha uğurlu çıxış edəcəyik”.

– Hazırda qərarlaşdığınız pillə sizi qane edir?

– Hazırki nəticəmizin bizi tam qane etdiyini deyə bilmərəm. Ən azından II pillədə olmalıydıq. Sadəcə müəyyən oyunlarda etdiyimiz səhvlər ucbatından xal və ya xallar qazana bilmədik. “Mingəçevir” və “Cəbrayıl”la keçirdiyimiz görüşlər də buna nümunədir. Həmin oyunlarda 3 xalı mütləq götürməliydik. Çünki rəqiblərimizdən aşkar şəkildə üstün idik.

– Sanki matçlarda son nöqtəni qoymaqda çətinlik çəkirsiz?

– Tamamilə doğrudur. Bunun üzərində çox çalışırıq. Məşqlərdə də sırf həmin epizodlara diqqət yetiririk.

– Hücum xəttindəki oyunçuların yetərsizliyini buna aid etmək olar?

– Təkcə, hücumçuların hesabına qol vurmuruq. Futbol komanda oyunudur. Oyuna sonradan qoşulan futbolçularımız da qol fürsətlərindən yaxşı istifadə edə bilmir. Bu istiqamətdə müsbətə doğru dəyişikliklər etməyə çalışırıq.

– Fasilə zamanı yeni transferlər gözlənilir?

– Bəli. Maraq dairəmizdə olan futbolçular var.

– Ötən il oğlunuz Bəhlul Mustafazadə ölkədə ilin ən yaxşı yerli futbolçusu seçildi. Sizcə, bu il kim seçiləcək və namizədiniz kimdir?

– Bu il zədələr də Bəhlula imkan vermədi. Mənə söz verib ki, yeni ildən etibarən daha keyfiyyətli şəkildə çıxış edəcək. Mənim builki namizədim isə birmənalı şəkildə Toral Bayramovdur. Həm “Qarabağ”, həm də milli komandadakı performansı yaxşıdır.

Mirkamal