Ekosistem

AFFA-nın budəfəki Hesabat-Seçki konfransı son illərin ən qarışıq və sönük analoji tədbiri oldu. Halbuki ötən il idarəçilik dəyişikliyi olduğundan yeni isteblişmentin fəaliyyətinin ilk ili daha böyük maraqla gözlənirdi…

Tədbiri assosiasiyanın yeni baş katibi Cahangir Fərəcullayev idarə edirdi. Baxmayaraq, ilin 2/3 hissəsini Sərxan Hacıyev bu vəzifəni icra etmişdi..

Ümumiyyətlə, Hacıyev sanki “vurulmuş” və ya “neytrallaşdırılmış” kadr qismində görünürdü və bunun nə ilə bağlı olduğunu ayrıca təhlil edəcəyik…

Cahangir Fərəcullayevin çıxışı nə qədər səmimi və qətiyyətli motivdə olsa da, çatışmazlıqlardan və boşluqlardan xali deyildi. Ki, buna da ayrı məqalədə aydınlıq gətirəcəyik.

Gələk əsas məsələyə. AFFA ümumilikdə hazırlıqsız və xaotik göründü. Bunu konfransa hazırlığın zəif görüldüyü göstərdi. Baş mühasib ümumiyyətlə, həyəcandan danışa bilmədi, icraçı vitse-prezident Sərxan Hacıyevin prezentasiyası da səthi oldu. Hakimlər Komitəsinin sədri De Bleker isə sanki konfransda yox, öz treninqində idi. Lüzumsuz uzun-uzadı çıxışı, bəzən detallara taftaloji varması və s.

Və nəhayət, konfransın səriştəsizlik səbəbindən zəif alınmasının bariz göstəricilərindən biri – assosiasiyanın prezidenti Rövşən Nəcəf bir neçə dəfə çıxışçıların sözlərinə müdaxilə edir, nələrisə əlavə edir, sanki “süni donor” rolunu oynayırdı.

Rövşən bəyin müdaxilələri, öz çıxışı və mətbuat konfransı hissəsində verdiyi cavabları analiz etdikdə iki detal diqqət çəkdi:

– Xaotik gedişat. Buna dair çoxlu misallar çəkmək olar. Məsələn, konfransların ənənəvi qonağı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə niyə qatılmışdı…

– Rövşən bəyin çıxışlarında ən çox işlənən söz EKOSİSTEM olub.

Gəlin görək, ekosistem sözünün mənası nədir.

Ekosistem – yunanca. “oikos” – ev, yaşayış yeri, “sistema” – birlik, bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistem deməkdir.

Əcəba, Rövşən bəy niyə dayanmadan birliyə səsləyirdi? Və ən çox da mətbuatdan dəstək istəyirdi – səbəb?

Düşünürəm ki, bu, futbol rəhbərliyinə gələn “yenilərin” vəziyyətin çətinliyini və qəlizliyini anlamasından doğan amildir. Yeni İnkişaf Strategiyasının icrasına başlamaq, ümumiyyətlə, hardan, necə, nədən, nə cür başlamaq, necə etmək kimi suallar AFFA-nı qayğı burulğanına salıb və onlar mediadan mədət umurlar – heç olmasa, işbilməzliyimizi, boşluqlarımızı çox qabartmayın. Bu naqolay situasiyanın yaranmasını özündə ehtiva edən bariz misallardan biri, yeni baş katibin çıxışı zamanı, “Biz hər şeyə sıfırdan başlamalıyıq” fazasıdır.

Sıfıra qayıdıb yenidən başlamaq üçün bir il lazım oldu…(?).

Bəs media olaraq ilk günlərdən bu vəziyyətin yaranacağını təhlil edəndə niyə çatılmış qaşlarla reaksiya verilirdi?

İndi ekosistemə ümid bəsləməkdənsə, real işlək mexanizmlər işlənməlidir. Necə ki, Fərəcullayev hər sahədə kadr islahatlarının vacibliyini vurğuladı…

Ekosistem adlı mücərrəd nəsnədənsə, baş katibin iddialı ideyasını köklü şəkildə tətbiq etmək, futbol ictimaiyyəti, idman mediasından gələn çağırışlara məhəl qoyularaq blits-proqramlar hazırlamaq, icra etmək lazımdır.

Onda ekosistemimiz də mübarək olar…

Elçin Cəlilov