Ehtiram Quliyev: “Xərclərin 50 faizi AFFA tərəfindən qarşılansa, xoşbəxt olarıq”

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev bu gün “Neftçi”yə qarşı keçirilən Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, klub rəhbərinin fikrincə, “Neftçi” formasının xüsusi çəkisi var:

“Birinci divizionun belə hansısa komandasına “Neftçi” formasını geyindirsən, o, istər-istəməz meydanda özünü göstərəcək. Ona görə də rəqib komandanı gözəl oyuna görə təbrik edirəm. Azarkeşlərin oyundan razı qaldığını düşünürəm. Nəticəyə görə olmasa da, oyuna görə sevindilər”.

– Çempionatın arxada qalan birinci hissəsini komandanız üçün necə dəyərləndirirsiniz?

– Təbii ki, razıyıq. Amma çempionat başlayandan demişdik ki, əgər qışa qədər 30 xal yığsaq – nəzərə alaq ki, ötən il qışa kimi 22 xal toplamışdıq – xoşbəxt olarıq. Düzdür, bu, hədəf deyildi. Çempionat başlayanda bizə deyilsəydi ki, cəmi 2 oyunda uduzacaqsınız, çox sevinərdik. Və o da deyilsə idi ki, bu iki matçı “Araz Naxçıvan”a uduzacaqsınız, təəccüblənərdik. Bunlar çempionatımızın səviyyəsinin qalxmasını göstərir.

– Qış fasiləsində komandanızın güclənməsi üçün hansısa addımlar atılacaqmı?

– Baxdığımız oyunçular var. Transfer pəncərəsi açılmasa da, skautlarımız futbolçuları izləyirlər. 3-4 transfer gözlənilir. Bunlar sadəcə, komandanı gücləndirmək üçündür. Komandanın onurğa sütünuna isə dəyməyəcəyik. Oyunçuları göndərmək barədə düşünmürük. Onsuz da futbolçularımız azdır. Əslində 2 oyunçu ilə güclənməyi düşünürdük. Amma gözləmədiyimiz zədələr – Marandiçinin zədələnməsi, Faiq və Milleri əməliyyata gedəcəyi bizi məcbur etdi ki, fasilədən sonra 3-4 transfer həyata keçirək.

– Bir müddət əvvəl bildirmişdiniz ki, Tovuz stadionunun süni meydançasının dəyişməsi üçün AFFA-dan kömək gözləyirsiniz. Bu məsələyə dair bir yenilik varmı?

– ⁠Xeyr, yoxdur. Sizin vasitənizlə yenidən AFFA-ya müraciət edirik ki, bizə dəstək olsalar, oyunlar təbii ot örtüyündə oynanılsa, zədələrimiz az olar, oyunların keyfiyyəti artar, azarkeşlər də bundan zövq alar. Ona görə də biz təklifimizi yenidən təkrarlayırıq. Örtüyün dəyişdirilməsi üçün xərclərin 50 faizini sponsor şirkət öz üzərinə götürür. Digər 50 faiz xərc AFFA tərəfindən qarşılansa, xoşbəxt olarıq.

– “Turan Tovuz”un adının dəyişdirilib yenidən “Turan” qoyulacağı haqda məlumatlar var. Bu haqda nə deyə bilərsiniz?

– Bəli, bizim AFFA-ya belə bir müraciətimiz olub. İcraiyyə Komitəsində bu məsələyə baxılıb. Yaxın günlərdə müsbət cavab gözləyirik. “Turan” bir şəhərin deyil, bütün Qərb bölgəsinin komandasıdır. Nəinki Qərb, Azərbaycanın bütün fərqli bölgələrindən azatkeşlərimiz var. Bunları və əvvəlki “Turan”ın ənənəsinə, mənəvi mirasına qayıtmaq üçün adımızı dəyişdirməyi planlaşdırırıq.