Ehtiram bəy, tələsmək necədir?

Ayxan Abbasovun “Turan Tovuz”un baş məşqçi postundan göndərilməyinin ikinci həftəsinə keçirik, lakin qəfil qərarın izahı, açıqlaması hələ də verilməyib. Abbasov danışıb, mövzu ətrafında suallara qismən cavab verib, lakin Ehtiram bəydən bir kəlimə belə eşitməmişik. Nə də klub hansısa açıqlama/bəyanatla suallara aydınlıq gətirmək niyyətindədir…

Əvəzində isə bəzi əks addımlar sezilməkdədir. Artıq bəzi sosial şəbəkə “həmlələri” ilə klubu tənqid edən jurnalistlər, hətta azarkeşlər hədəfə alınır. Afərin, yaxşı gedirsiniz…

Əfsus ki, bu “yaxşı gediş” yaxşılığa doğru getmir.

“Turan Tovuz” ortabab klublar arasında ən səhih hədəfləri, hətta ideyası olan idi. Həm rəhbərliyin ümumi rəftarı, performansı, həm yaradıcı işlər klubun maraqlı imic formalaşdırdığını deməyə əsas verirdi. Lakin ümumən loyal olub, məhz bu məqamda emosiyaya qapılan tərəfdarların da xətrinə dəysə, demək lazımdır, klub yaxşı istiqamətə getmir.

Hələ də baş məşqçi axtarışındadılarsa, deməli, Abbasovun göndərilməsi qəfil qərar olub.

Niyə?

Bu vəziyyətin yaranmasına səbəb nə oldu?

Nə baş verdi ki, strateq hesab edilən baş məşqçi ilə yollar ayrıldı?

Suallar cavabsız qaldıqca, üstü örtüldükcə problemlər dərinləşəcək.

İndi belə bir propaqanda aparılır: klub Ayxanla avrokubokları hədəfləyə bilməyəcəyini duyub onu göndərdi, yerinə bu tapşırığı yerinə yetirəcəyinə söz verən biri gətiriləcək.

Aldanırsınız. Aldadırsınız. Bəlli bir şey yoxdur. “Turan Tovuz” idarəçiləri panikadadır və hazır olmadığı vəziyyətə düşüb. Ani qərarın yaratdığı problemli vəziyyətdən çıxış təcrübəsinin olmadığı bariz görünür. Çünki nə yerli məşqçi, nə də əcnəbi çalışdırıcı variantında namizədləri var. Xaotik addımların uğursuz nəticə verəcəyini, tələsik seçimin problemli olacağını təcrübələr göstərib…

Bütün bu gedişat isə Ehtiram bəyi hədəfə gətirir. Bunu o, özü istədi. Ayxan bəyi göndərməyin səbəbini açıq deməlidir, o, özünü ilk gündən bu cür tanıtdırıb. Kimlərsə manipulyasiya texnikalarla bu məsələdə “ilişib qalmağın” mənasız olduğunu iddia edə bilər, lakin bu belə deyil.

Problemlər zənciri – bu vəziyyət belə səciyyələndirilir. Ehtiram bəyin biznesmen təcrübəsi əlbət ki, bunu anlamağa bəs edər. Lakin futbolumuzun spesifikası… Bu amili nəzərdən qaçırmamaq lazımdır.

Ehtiram bəyin ani radikal qərarı indi onu “qurd-quş” üçün daha cazibəli edə bilər. Futbol dəllalları inandırmaqda, vəd verməkdə pərgardırlar. Çarnaçar vəziyyətdən sui-istifadə edib, bir əcnəbi məşqçini “bəyəndirsən” “gəlir ocağın” hazırdır…

Bu məsələni uzadıb xırdalığına da getmək olar. Ancaq klub rəhbərliyinin erudisiyasına buraxaq…

Bu məqamda xatırlatmağı lazım bildiyimiz, hətta sevdiyimiz bir məqamı qeyd edək. Ehtiram bəy, Azərbaycan futbolu necə biznesmenlərə “Bermud üçbucağı” olub, biləsiniz – Cahangir Hacıyev, Hafiz Məmmədov, Mübariz Mənsimov və s.

Kamil Əhməd