Əvəzedicilər Liqasında mövsüm başa çatdı. “Qəbələ”nin müvafiq komandası ili ikinci bitirdi. Komandanın və çempionatın bombardiri isə Sənan Ağalarov oldu.
Hücumçu “FutbolPress”ə açıqlamasında mövsümün yaxşı keçdiyini qeyd etdi:
“Əvəzedici komanda olaraq yaxşı mövsüm keçirdik. Yaxşı çempionluq şanslarımız var idi, lakin alınmadı. Son turlarda həmin şanslardan istifadə edə bilmədik. Qızıl medalları qazanmaq gözəl hissdir, fəqət bu il bunu bacarmadıq. “Neftçi”ni qızıl medalları qazanması münasibəti ilə təbrik edirəm”.
Ağalarov çempionluğa nəyin mane olduğunu da qeyd etdi:
“Çempion olmağımıza bəzən hakim qərarları, bəzən də öz səhvlərimiz mane oldu. Ən əsası, komanda ilə birlikdə məşq edə bilmirdik. Üzvlərimizin bir çoxu əsas komanda ilə məşqlərdə olurdu. Oyun günü bizlərə qoşulurdular. Bu amil də müəyyən qədər bizə təsir etdi. Birlikdə oyunlara hazırlaşmadığımız üçün çətinliklər yaşayırdıq. Bunlara baxmayaraq baş məşqçimiz Famil müəllim bizə hər zaman dəstək olurdu. Oyunlara çıxanda matça köklənməyimiz üçün əlindən gələni edirdi”.
Müsahibim bombardir olduğu üçün xoşbəxt olduğunu bildirdi:
“Bombardir olduğum üçün xoşbəxtəm. Əgər bombardir olmuşamsa, demək ki, uğurlu mövsüm keçirmişəm. Amma komandamın çempion olmamağı məni üzür. Mövsüm ərzində sevindirici hallardan biri də odur ki, Azərbaycan Premyer Liqasında debüt etdim. Buna görə çox xoşbəxt və sevincliyəm. Amma çox istəyərdim ki, yenə şans qazanım. Gələcəkdə daha yaxşı olacağına inanıram”.
Gənc futbolçu gələcək karyera planlarından söz açdı:
“Mənim üçün hər zaman “Qəbələ” ilk sırada dayanıb. Burda yetişmiş, futbolu öyrənmişəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram”.
Məlik Məlikov