“Sabah” və “Zirə” bu gün Konfrans Liqasında növbəti oyuna çıxacaqlar. “Futuristlər” İrlandiyada “Sent Patriks”in, “qartallar” isə Xorvatiyada “Osiyek”in qonağı olacaq.
Veteran futbolçu Əfran İsmayılov “FutbolPress“ə açıqlamasında komandanın oyunlarından gözləntilərini bölüşdü:
“Bu mərhələlərdə zəif rəqiblər olmur. Oyunlara ciddi hazırlaşmalı, səfərdən sərfəli nəticə ilə qayıtmalıdırlar. Bunun üçün də mütləq istək, aqressiya lazımdır. Taktiki oyun da önə çıxmalıdır, rəqiblər evində təzyiq göstərəcək və bunun öhdəsindən gəlmək vacib olacaq. İnanıram ki, komandalarımız səfərdən yaxşı nəticə ilə qayıdacaqlar. “Zirə” və “Sabah”ın yaxşı məşqçiləri, heyətləri var. Hətta səfərdə qələbə qazana bilərlər. Bununla yanaşı, hər nə olur olsun, səfərdən yaxşı nəticə ilə dönmək mütləqdir. Başa düşürəm, çətin olacaq. Tarix yazmaq istəyirlərsə, qələbə qazanmalıdırlar. İki komandamıza uğurlar, Azərbaycanı təmsil edirlər”.
İsmayılov “Sabah”ın pley-offa çıxmaq baxımından daha çox şansının olduğunu söylədi:
“İki komandamızın şansı var. Bir az “Sabah”ın şansı daha çoxdur, çünki məncə, bu komandanın futbolçuları daha aktiv və keyfiyyətlidir. “Zirə”nin də yaxşı heyəti, üslubları var. Ancaq onlara düşən rəqib daha yaxşıdır. Ümid edirəm ki, iki komandamız da nəticələri ilə bizi sevindirər”.
“Zirə”nin oyunu 22:00, “Sabah”ınkı isə 22:45-də start götürəcək.
Şahin Cəfərov