Medianın İnkişafı Agentliyinin layihəsi
“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırdı. Fransada “Marsel”ə 1:3 hesablı məğlubiyyətdən sonra geridönüş etmək onsuz da çətin olacaqdı. Dünən komanda bütün riskləri gözə aldı. Rəqibin adından çəkinməyən, səviyyə fərqini bəhanə etməyən “Qarabağ” start fitindən son saniyəyədək oyunu hücumda keçirdi. 0:3 hesabı başqa şey deyə bilər, ancaq həqiqət Azərbaycan təmsilçisinin cəsarətli, inadkar futbolu, güclü rəqibini meydanın özünə aid hissəsinə sıxışdırmasına ayna tutdu.
Əslində isə matçın gedişindən, nəticədən çox görüşdə baş verən bir hadisə müzakirə olunur. Bütün dünya mətbuatının diqqəti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun nümayiş etdirdiyi heyrətamiz feyr-pley nümunəsindədir.
İlk hissənin sonlarında İbrahima Vadji əllə qol vurub hesabı bərabərləşdirdi. Yan xətt hakimi mərkəzə qaçdı, referi qolu qeydə aldı. “Marsel” futbolçularının etirazlarının heç bir əhəmiyyəti yox idi. Hakim onları eşitmir, hətta sərt etirazlara görə vərəqə ilə cəzalandırırdı. Qərar dəyişməyəcəkdi. Çünki Konfrans Liqasında VAR sistemi yoxdur…
Ancaq VAR yoxdursa da, Qurban var…
“Qarabağ”ın baş məşqçisi İbrahima Vadji və kapitan Maksim Medvedevi yanına çağırıb nə baş verdiyini dəqiqləşdirdi. Vadji topu qapıya əllə vurduğunu etiraf etdi. Qurbanovun tapşırığı ilə o, bunu hakimə də bildirdi və qol ləğv olundu.
Baş məşqçinin qərarı ilə bağlı fikirlər müxtəlifdir. Azarkeşlərin bir qismi hesab edir ki, buna ehtiyac yox idi. Çünki indiyə qədər dəfələrlə “Qarabağ”a qarşı aşkar hakim haqsızlığı qeydə alınıb, Avropada komandanın haqqı yeyilib. Həqiqətən də, çox uzaq olmayan keçmişdə, elə bu mövsüm Konfrans Liqasında İsveçrə “Bazel”i ilə səfər matçında təmiz qolumuz sayılmayıb. Bir neçə il əvvəl Milan “İnter”i ilə qarşılaşmada komandanı növbəti mərhələyə çıxaracaq qol qeydə alınmayıb və irili-xırdalı onlarla yanlış hakim qərarı olub. Bütün bunlara görə azarkeşlərin bir qismi hesab edir ki, hakimin qərarından yararlanmaq lazım idi, xüsusilə də Fransa “Marsel”i ilə qarşılaşmada haqq-ədalət jesti etməyə ehtiyac yox idi və s. Digər tərəfdən, sırf nəticə baxımından həmin qolun böyük əhəmiyyəti var idi. Bundan sonra pərən-pərən düşəcək “Marsel”i yenə cəzalandırmaq üçün münbit şərait olacaqdı və s.
Bir qisim azarkeş isə Qurbanovun ən doğru olanı etdiyi qənaətindədir. Çünki bu, adi futbol hadisəsindən çox, həm də siyasi qərardır, dünyaya Azərbaycan haqq-ədalətinin nümayişidir. Baş məşqçi özü də oyunsonrası mətbuat kondransında sırf azərbaycanlı kimi və ədalətli qərar vermək istədiyini söylədi.
Qurban Qurbanovun qoldan imtina etməsi bütün dünyaya ədalət dərsidir. İllərdir, Azərbaycan “Qarabağa ədalət!”, “Xocalıya ədalət!” şüarları ilə öz səsini çatdırmağa, diqqəti haqq-ədalət savaşımıza çəkməyə çalışır. “Qarabağ” adı altında, Xocalı faciəsinin ildönümü ərəfəsində, özü də ilk matçda təxribatlara əl atan ermənipərəst Fransa klubu qarşısında belə bir addım atmaq bütün dünyaya Azərbaycanın ədalət tələbinin təkcə sözdən ibarət olmadığını, daxildən gəldiyini, mahiyyəti ifadə etdiyini göstərdi. Bu hərəkət illərdir aparılan müxtəlif aksiyaların ən yüksəyi oldu – hər şeydən əvvəl spontan alındı, böyük bir şansdan imtina edildi.
Rəqib baş məşqçi Xorxe Sampaoli, futbolçu Mateo Genduzinin oyundan sonra sadəcə dildə “Mən də bunu edərdim” deməyə cəsarəti çatmadı, amma Qurbanov əməldə bunu göstərdi və bütün dünya üçün ədalət nümunəsi oldu…
Faiq Tahirov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.