Düzələnə oxşamır…

“Qarabağ” Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi”ni böyük hesabla məğlub etdi – 4:0.

“Atlılar” qolların üçünü ilk, birini isə ikinci hissədə vurdu. Görüşdən əvvəl proqnozlar doğruldu, favorit və son illərin dominantı “Qarabağ” rahat qələbə qazandı.

“Neftçi” uğursuz mövsümə davam edir. 7 turdan sonra qələbəsi olmayan “ağ-qaralar” oyun planında da axsayır. Nə hücum quran bəlli, nə müdafiə olunan… “Qarabağ”la oyunun ilk hissəsində “arxa”da kifayət qədər fərdi səhvlər oldu. “Neftçi” müdafiəsində ayıqlıq gözə çarpmadı, qapıçı Rza Cəfərov da bir-iki epizodda komanda yoldaşlarının səhvini kritik seyvi ilə ört-basdır etdi. Komandada vəziyyət o qədər qəlizdir ki, 4 qol buraxan Rza Cəfərovu ən yaxşı oyunçu hesab etmək olar. Qalanları xüsusi nə iləsə seçilmədi.

İkinci hissədə oyuna daxil olan Kilan Lebon bir az cinahdan reydləri ilə tempi artıra bilirdi. Lakin onun səyləri də yarımçıq qalırdı, ya özü ötürmə səhvi edirdi, ya dəstəksiz qalırdı. Kapitan Ramil Şeydayev də uğursuz gün keçirdi. İrəlidə qol vurmağa cəhd edən Şeydayev cərimə meydançasında bir-iki yüngül zərbədən başqa nə iləsə yadda qalmadı.

Ümumiyyətlə, oyun “Neftçi” adına ürəkaçan olmadı. “Qarabağ” ikinci hissədə daha sakit olub, tempi aşağı saldı. Qurban Qurbanovun kollektivi dörd gün sonra “Tottenhem”lə qarşılaşacaq və bəlkə də, bəzi oyunçular bunu düşünüb, çox risklər etmədilər.

Hər bir halda, “Qarabağ” yoluna itkisiz davam edir. Komanda çempionatda ardıcıl üçüncü qələbəsini qazandı və müvəqqəti liderliyə yüksəldi. “Neftçi”də isə fiasko davam edir. Həftənin əvvəlində idman direktoru Yens Anderssonla yollar ayrıldı, indi sıra kimdədir? Bunu zaman göstərəcək.

Baş məşqçi Roman Qriqorçuk hər xal itkisindən sonra mətbuata açıqlamasında daha yaxşı olacaqlarını desə də, nə yaxşı oyun var, nə də nəticə…

Şahin Cəfərov