Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” davam edir.
Futbolpress.az xəbər verir ki, qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final görüşləri keçirilib.
Koreyalı və çinli atletlər arasında gedən “qızıl” mübarizəsində olduqca maraqlı keçib. Koreyanı təmsil edən Jun Yang 50 atışdan 41-ni dəqiq yerinə yetirərək qızıl medala sahib olub. Çinli Nan Zhao 37 halda hədəfi dəqiq nişan alaraq gümüş medala yiyələnib. Almaniyalı Josefin Eder 32 dəqiq atış nəticəsində “bürünc”lə kifayətlənib.
Yarış başa çatandan sonra üçüncü yerin sahibi Josefin Eder finalla bağlı fikirlərini dilə gətirib:
“Qızıl medal qazanmaq istəyirdim. Yarışlar, işıqlandırma sistemləri, atış mərkəzləri, hətta iştirak etdiyin günlər belə, fərqli olur. Görünür, bugünkü rəqiblərim məndən daha hazırlıqlı idi. Görmə məsafəm də müəyyən problemlər yarandı ki, bu, daha çox xal qazanmağımı əngəllədi. 2024-ci ilə yaxşı başlamışam. Rio de Janeyroda “qızıl” qazanmışdım, Bakıda “bürünc”ə sahib oldum. Paris-2024 Olimpiadasında hədəfim ölkəmiz adına medal qazanmaqdır. Azərbaycana artıq neçənci səfərim olduğunu unutmuşam. Bakı gözəlliyi ilə seçilən şəhərdir, yerli təamlar xoşumuza gəlir, ən əsası, yarışlar yüksək səviyyədə təşkil olunur. Hər dəfə eyni gözəllikləri görməkdən zövq alırıq”.