Dünya çempionu: “Azərbaycan cüdosunun gələcəyi çox parlaqdır”

FutbolPressOkyabrın 5-də Portuqaliyanın Odivelas şəhərində keçirilən turnirdə 73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə bütün rəqiblərini məğlub edərək dünya çempionu oldu. Bu, Azərbaycan gənc cüdoçuları arasında 5 ildən sonra dünya çempionatında qazanılan ilk qızıl medal idi.

Cüdonun hazırki vəziyyəti, perspektivləri və çatışmaqlıqları barədə Vüsal Qələndərzadə ilə söhbətləşdik…

– 5 ildən sonra Azərbaycanın gənclər arasında dünya çempionu oldunuz. Bu, necə hissdir?
– Sevincimi sözlə ifadə edə bilmərəm. Çox gözəl hislərdir. Çempionata ciddi hazırlaşmışdıq. Görüşlərim də çətin keçmədi. Rəqiblərimi məğlub etdikcə qızıl medala yaxınlaşdığımı hiss edirdim. Bu da məni daha  ruhlandırırdı. Ona görə hər görüşə final qarşılaşması kimi çıxırdım. Şükürlər olsun ki, əziyyətim boşa getmədi və sonunda ölkəmə dünya çempionatının qızıl medalını gətirə bildim. Himnimizin səslənməsindən, bayrağımızın dalğalanmasından qürurverici nə ola bilər? Təbii ki, bütün bunlar əziyyətimin nəticəsində oldu. Düzgün qidalanma, stabil məşq sonda dünya çempionu olmağıma gətirib çıxardı.

– İdmana gəlişinizdən danışardınız…
– Mənin əslində uşaqlıqdan futbola marağım var idi. 8 yaşımda “Qarabağ”da karyerama başladım. Sonra bəzi səbəblərə görə, atam mənim futbola yox, cüdoya getməyimi istədi. Yaxın dostu var idi, məni onun yanında idmana yazdırdı. Elə o vaxtdan başladım cüdo ilə məşğul olmağa. Ağlıma gəlməzdi ki, illər keçəcək və dünya çempionu olacam. Şükürlər olsun ki, çəkdiyim əziyyətlərin bəhrəsi yerdə qalmadı. Amma indi futbola baxmıram, uşaqlıq həvəsi idi. Hazırda marağım yalnız cüdoyadır.

– Bu sahəyə gələrkən kumir seçdiyiniz idmançı kim olub?
– Açığını desəm, belə biri olmayıb.

– Hədəfləriniz arasında növbəti olimpiadada iştirak etmək var?
– Dünya çempionu olmaq mənim karyeramda bir keçid mərhələsi idi. İnşallah bundan sonra böyüklər arasında keçirilən yarışlarda iştirak etmək, Avropa və dünya çempionatlarında nəticə vermək istəyirəm. Bundan sonra da təbii ki, arzum və hədəfim olimpiyadada iştirak etməkdir. Hər bir idmançı kimi mənim də arzum olimpiadada medal qazanmaqdır. 2024-cü ildəki olimpiyadaya vəsiqə qazana bilməsəm də, 2028-ci ildəki zirvə yarışına mütləq gedəcəm.

– Hazırda həmyaşıdlarınızın perspektivlərini necə qiymətləndirirsiniz?
– Aşağı yaş qruplarına baxdıqda vəziyyətin yaxşı olduğunu demək olar. Hər biri perspektivli idmançıdır, gələcəkdə uğurlu nəticə qazanacaqlarına ümid edirəm. Talıbov Vüqar, Nizami İmranov, Ömər Rəcəbli, Yaşar Nəcəfov kimi idmançıların adını çəkmək olar ki, gələcəkdə böyüklər arasında Avropa və dünya çempionatlarında nəticə verə biləcək potensiala malikdirlər. Həmçinin özümü də o sıraya daxil edərdim. (gülür) Bu gün gənclərimiz qazandıqları uğurlar az deyil. Beynəlxalq yarışlarda Avropa və dünya çempionatlarında medallar qazanırıq. Böyüklərlə birlikdə məşq etdiyimiz üçün daha çox təcrübə əldə edirik.

– Gənclərin uğurlarından danışdıq, bəs böyüklər…
– Bir neçə idmançımız karyerasını başa vurdu. Təbii ki, gedişləri boşluqlar yaradacaq. Uğurlu nəticələr qazanırdılar. Lakin yeni nəsil gəlir, inşallah ki, çalışacağıq onların yoxluğunu hiss etdirməyək. Yaxşı olacaq. Məsələn, əvvəl qeyd etdiyim kimi, Yaşar Nəcəfov Orxan Səfərovu əvəzləyə biləcək potensialdadır.

– Bədən tərbiyəsinin inkişafında cüdonun hansı rolları var?
– Əsasən bu idman növünə başlayan idmançılara tövsiyə edərdim ki, intizama xüsusi diqqət etsinlər. Düzgün qidalanma, yuxu rejimi və məşq. Bunların üçü birlikdə uğurlu şəkildə tətbiq edilsə, həm uğurlu nəticə vermək olar, həm də fiziki cəhətdən sağlam olacaqlar. Cüdo zədə alma baxımından digər idman növlərindən fərqlənir. Bizim idmanda zədələr daha az olur. Düzdür, deyirlər zədə idmançının dostudur, amma bizdə bir qədər fərqlidir. Özün istəmədiyin müddətdə zədə almırsan. Yəni boşluq verməyəndə ciddi zədələr olmur.

– Cüdonu digər idman növlərindən fərqləndirən əsas cəhət hansıdır?
– Cüdo digər idman növləri ilə müqayisə daha səliqəlidir. Yəni zədələr, travmalar çox olmur. Düzgün məşq, diqqət və incə fənnlər sənə uğur qazandıra bilər. Cüdo ən çox izlənilən idman növləri arasındadır.

– Regionlardakı cüdonun inkişafı sizi qane edir?
– Bəli, inkişaf pis deyil. Böyüklərdən ibarət yığmanın üzvləri regionlara gedib seminarlar keçirlər. Təbii ki, bu da uşaqların həvəslənməsində böyük rol oyayır.

– Güləşdə olduğu kimi cüdoda da müəyyən problemlər – idmançı çatışmazlığı olur…
– Əminəm ki, kiçik problemlər gələcəkdə öz həllini tapacaq. Çünki gənclər arasında böyük perspektivə malik idmançlar çoxdur. Qısa müddətdən sonra onlar da böyüklər arasında nəticə verməyə başlayacaqlar. Ümumiyyətlə, Azərbaycan cüdosunun gələcəyi çox parlaqdır. Hər bir idmançı öz üzərində işləyir və qarşılarına hədəf qoyublar ki, ən yaxşı nəticələri qazanacaqlar.

– Cüdo idman növünə yeni başlayanlara hansı tövsiyələri vermək istərdiniz.
– Əsas məşğul olduqları idman növünü sevsinlər. Bütün sahələrdə olduğu kimi, cüdoda da əsas şərt intizamdır. Belə olduqdan sonra nəticə də, fiziki cəhətdən sağlamlıq da öz yerində olacaq.

Məlik Məlikov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu