Azərbaycan Premyer Liqasında I dövrə başa çatıb. 9 turdan sonra turnir cədvəlinin zirvəsində “Qarabağ” yer alıb.
8 oyun keçirən və ehtiyatda bir matçı olan “atlılar” 21 xalla birinci pillədədir. Komanda cəmi bir dəfə uduzub. 7 qələbə ilə liderlik postuna oturan “Qarabağ” yenidən çempionata dominantlıq edir.
“Qarabağ” eyni zamanda ən çox qol vuran komandadır. Qurban Qurbanovun yetirmələri 8 oyunda 20 qol vurub. “Atlılar”dan sonraa bu göstəricidə ikinci sırada “Sabah” qərarlaşıb. Krunoslav Renduliçin kollektivi 9 matçda 19 dəfə rəqib qapılarına yol tapıb.
Dövrənin ən az qol vuranları isə “Neftçi”, “Kəpəz” və “Sumqayıt”dır. Komandalar hərəyə 6 dəfə fərqlənib. “Kəpəz” isə çempiontda ən çox qol buraxan komandadır – 24 qol.
İlk dövrədə ən çox heç-heçə edən “Neftçi” (5), ən çox uduzan isə “Səbail”, “Sumqayıt” (hərəyə 6 məğlubiyyət) və “Kəpəz”dir (8 məğlubiyyət).
“Qarabağ”ın ehtiyatda “Şamaxı”, “Zirə”nin isə “Araz-Naxçıvan”la görüşü var.
9 turdan sonra bombardirlər siyahısında “Sabah”ın oyunçuları başçılıq edir. Coy-Lens Mikels və Cesse Sekidika hərəyə 5 qol vurublar. İlk iki sıranı tutan legionerləri daha bir əcnəbi izləyir. “Zirə”nin forvardı David Volkov 4 qolla bombardirlər sıralamasında üçüncüdür.
Kamil Əhməd