Azərbaycan Premyer Liqasında I dövrə başa çatıb. 9 turdan sonra “Qarabağ” birinci sırada qərarlaşıb, “Neftçi” isə 5 xalla 9-cu pilləni tutub.
Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında dövrəni dəyərləndirdi:
“Ümumi baxsaq, turnir cədvəlində iki komanda istisna olmaqla qalanları tutduğu mövqelər əvvəldən təxmin edilirdi. “Qarabağ”ın lider olacağı şübhə doğurmurdu. Bununçün mütəxəssis olmağa ehtiyac yoxdur. “Kəpəz”in də sonuncu olması sürpriz deyil. Maddi imkanlar və dəyişikliklər digər rəqiblərlə rəqabətdə komandanı geri saldı. Sürpriz komanda isə pis mənada “Neftçi”, yaxşı mənada isə “Araz-Naxçıvan”dır. Xüsusilə, “Araz-Naxçıvan”ın tutduğu mövqe gözlənilməz oldu. Məhdud imkanlarla heyət formalaşdırdılar və Elmar Baxşıyev oyununu aşıladı. Yaxşı komandalara qarşı mübarizə apardılar və turnir cədvəlində yerlərini tutdular”.
“Neftçi”nin uğursuz çıxışını gözləmədiyini deyən Kərimov “ağ-qaralar” üçün hələ heç nəyin bitmədiyini də qeyd etdi:
“Neftçi”nin bu mövqedə olması sürprizdir. Bəlli büdcələri var və 9-cu yerdə olmaları, bu qədər zəif oynayacaqları gözlənilməz idi. “Kəpəz”ə məğlubiyyət isə kasanı daşıran son damla idi. Necə vəziyyətdən çıxacaqlar, bilmirəm. Yeni gələn məşqçiyə də ağır miras buraxılıb. Komandada fərqli-fərqli oyunçular var. Gələn məşqçinin də nə qədər futbolçu gətirmək şansı olacaq, bilmirəm. Buna baxmayaraq, hələ heç nə bitməyib. Qarşıda dövrələr var, amma onlar işlərini çətinə salıblar”.
“Turan Tovuz” və “Araz-Naxçıvan”ın turnir cədvəlində “üçlük”də qərarlaşmasını xoş nəticə adlandıran mütəxəssis “Zirə”nin də inamlı çıxışına toxundu:
“Digər sürpriz “Turan Tovuz”dur. Mövsümün əvvəlində Kurban Berdıyevin gəlişi, maliyyənin ayrılması istər-istəməz xoş dəyişikliyin olacağından xəbərçi idi. Lakin bu mövqedə olacaqlarını düşünmürdüm. “Turan Tovuz” ev oyunlarında istənilən rəqibə başağrısı olacaq. Liderlik mübarizəsində olacaqlarını düşünmürəm, çünki heyət o qədər güclü deyil, amma mükafatlar uğrunda yarışa bilərlər. Azından avrokuboklarda mübarizə apara biləcək gücləri var.
“Zirə” haqqında danışası olsaq, stabil başlayıb, xallar qazanırdılar. Son üç ili götürsək, komplektləşmiş “Zirə” görə bilərik. Əvvəlki mövsümlərdə qeyri-stabil oynadılar, amma bu mövsüm rahat qələbələr qazana bilirlər. “Turan Tovuz”la matçda da birinci hissəni üstün oynamışdılar. Lakin sonradan “Turan Tovuz” azarkeş amilinin də köməyi ilə qələbə qazandı”.
Kərimov sonda autsayderlər qrupu haqda da fikirlərini bölüşdü:
“Sabah”ın da oyununda qeyri-stabillik var. Onlar “Qarabağ”a qarşı da yaxşı mübarizə aparmışdılar. Amma bəzi matçlarda sadə səhvlərə yol verirdilər. Buna baxmayaraq, “Sabah” da ikinci yer üçün mübarizə aparacağını düşünürəm.
“Səbail”, “Sumqayıt”, “Şamaxı”ya gəlincə, bu komandalar mübarizə aparacaqlar. “Şamaxı”nın hədəfi elitada qalmaqdır və demək olar, bu missiyanın öhdəsindən gəliblər. “Səbail”də isə büdcə mövsümün əvvəlində azaldıldı, ancaq baş məşqçi Şahin Diniyev komandanı toparlaya bilib və yaxşı oyunlar keçirir. Mövsümün əvvəlində onlarla yanaşı, “Kəpəz” autsayder göstərilirdi. Amma gördük ki, daha yaxşı oynaya bilirlər.
Ümumi turnir cədvəlinə gəlincə, ciddi dəyişiklər olduğunu demək olmaz. “Neftçi”nin sonlarda olması neqativ, “Turan Tovuz” və “Araz-Naxçıvan”ın “üçlük”də qərarlaşması isə xoş nəticədir”.
Şahin Cəfərov