Dövrənin fərqlənənləri

Azərbaycan Premyer Liqasında 24 tur geridə qalıb.

Futbolpress.az“ın məlumatına görə, qış fasiləsindən sonra çempionatda ən çox xal qazanan komanda “Zirə”dir. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 6 matçda 5 qələbə qazanıb, 1 dəfə uduzub. Komandanın yeganə məğlubiyyəti “Neftçi” ilə matçda olub.

“Zirə” qış fasiləsinə 4-cü pillədə yollansa da, hazırda ikinci sırada qərarlaşıb. “Araz-Naxçıvan”la fərqi qapayan və xallarını bərabərləşdirən “qartallar” lider “Qarabağ”dan 12 xal geri qalır.

Dövrəyə yaxşı start verən digər komanda “Neftçi”dir. Samir Abasovun rəhbərlik etdiyi kollektiv son beş matçda 3 qələbə qazanıb, 2 dəfə uduzub. Komandanın məğlubiyyətləri “Qarabağ” və “Araz-Naxçıvan”la görüşlərdə qeydə alınıb. “Neftçi” turnir cədvəlinin 6-cı sırasındadır və “Sabah”dan 6 xal geridə qalır.

İkinci dövrənin ən uğursuz komandası isə “Sumqayıt”dır. “Kimyaçılar” 6 matçda qələbə qazanmaq biryana, qol belə vura bilməyib. Fasiləyə 6-cı sırada yollanan “kimyaçılar” indi 7-cidir və sonuncu “Səbail”i cəmi 4 xal qabaqlayır. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv növbəti turda “Qarabağ”ı qəbul edəcək.

Şahin Cəfərov