“Dolu tribunalar qarşısında oynamaq əlavə motivasiya verir” (MÜSAHİBƏ)

“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadənin “FutbolPress“ə müsahibəsi:

– “Qəbələ”ni məğlub etdiniz və Konfrans Liqasına vəsiqə qazandınız. Son oyunu necə şərh edərdin?
– Komanda olaraq bu il çox çalışdıq. Çətin durumlara düşdük və bunun öhdəsindən gəlməyi də bacardıq. Son oyunda da əsas olan nəticə idi  və şükürlər olsun, bunu da əldə etdik.

– Matça böyük maraq var idi, hətta mövsümün azarkeş rekordu da təkrarlandı. Fanatların qələbədə nə dərəcə payı oldu?
– ⁠Futbolu gözəlləşdirən azarkeşlərdir. Dolu tribunalar qarşısında oynamaq əlavə stimul və motivasiya verir Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər bizə inandılar, yanımızda oldular. Bu uğurlu çıxışımızda, qələbələrimizdə onları payı danılmazdır.

– Son oyunöncəsi qələbə qazansaz belə, avrokuboklara gedə bilməmək ehtimalınız var idi. Bunlar komanda üzərində təzyiq yaratmırdı?
– ⁠Bu oyunun nə qədər vacib olduğunu bilirdik və bir qələbə ən azı bizi 4-cü yer edirdi. Bunu da bilirdik və qələbəni əldə etməyi bacardıq. Doğma meydanda avrokubok sevincini azarkeşlərimizlə bölüşə bildik.

– Mövsümü dördüncü sırada bitirdiniz. Sezonu necə şərh edərdin?
– ⁠Məncə, kifayət qədər maraqlı mövsüm oldu. Düşünürəm ki, layiq idik buna. Çempionatın gedişində özümüzü yaxşı tərəfdən göstərdik və yekunda avrokuboklara vəsiqə qazandıq.

– Bu mövsüm çıxışınla fanatların sevgisini qazandın. Demək olar, meydanda hər mövqedə səni görə bilərdik. Universallığın tapşırıqla bağlıdır, ya özün hər mövqedə oynamağa can atırsan?
– Bildiyiniz kimi, mövqem ortadır, amma elə oyunlar olurdu ki, cəzalılar, zədəlilər olurdu və buna görə də məşqçimiz fərqli mövqelərdə oynadırdı. Hansı mövqedə oynamağımdan asılı olmayaraq hər zaman komandaya kömək etməyə çalışdım.

– Performansını necə dəyərləndirirsən?
– Statistika baxımından daha yaxşı ola bilərdi. Amma qismət bu imiş.

– Konfrans Liqasına vəsiqə klubdakı taleyinlə bağlı hansısa qərara təsiredici olacaq?
– Klubla qüvvədə olan hələ müqaviləm var. Gələcək də necə olacağını indidən deyə bilmərəm.

Şahin Cəfərov