Azərbaycan II Liqasında mübarizə başa çatmaq üzrədir. Reqlamentə əsasən qızıl medalların sahibi I Liqaya vəsiqə qazanacaq. Bu ada isə ən yaxın olan komanda “Baku Sportinq”dir. Komanda növbəti turda məğlub olmayacağı halda, çempionluğunu rəsmiləşdirəcək.
Elman Sultanovun kollektivi bu mövsüm keçirdiyi 24 matçın 18-də qələbə qazanıb, 4 görüş isə heç-heçə başa çatıb. 2 qarşılaşmada isə meydanı xalsız tərk ediblər. Lider 2-ci turda “Ağdaş”la matçda texniki məğlubiyyət aldığı halda, 16-cı turda “Sheki City”yə səfərdə 2:3 hesabı ilə uduzub. Maraqlı məqam komandanın doğma meydanda məğlub olmamasıdır. “Baku Sportinq” 24 matçda rəqib qapılarından 61 top keçirməyi bacarıb. 22 dəfə isə azarkeşlərini məyus edib. Kollektivin ən böyükhesablı qələbəsi 6-cı turda “Şəmkir”ə qarşı olub. Binə qəsəbə stadionunda keçirilən matçda “Şəmkir” qapısından 7 cavabsız top buraxıb. Bakı klubunun ən çox qol vuran futbolçusu isə Röyal Nəcəfovdur. Fubolçunun aktivində 18 qol var. Komandanın yaş ortalaması 30.4-dür.
Növbəti mövsümdən reqlamentə əsasən I Liqada çıxış etməyə yaxın olan klubun ən gənc oyunçusu qapıçı Murad Qarayevdir. “Çərçivə” qoruyucusunun 18 yaşı var. Heyətin qocamanları isə müdafiəçilər Hüseyn Axundov və Comərd Baxışəliyevdir. Hər iki futbolçu 36 yaşındadır. Təbii ki, komandanın I Liqaya vəsiqə qazanacağı halda, hazırkı heyətlə liderlik uğrunda mübarizə aparması çətin olacaq. Gözləntilər ondan ibarətdir ki, heyətdə ciddi dəyişikliklər olacaq. Çünki I Liqanın daha dimanik keçdiyini demək olar. Hətta burada mübarizə aparan bəzi klub rəhbərləri növbəti mövsümdən daha gənc, perspektivli futbolçuları cəlb edəcəklərini qeyd edirlər. Ona görə də Elnur Sultanovun komandası rəqabətə tab gətirmək niyyətindədirsə, heyətə yeni nəfəs verməlidir. Əks halda işi çətin olacaq.
Məlik Məlikov