Divizionda 2-ci dövrə: bölgə klublarının çöküşü

FutbolPressI Divizionda iki dövrə geridə qalıb. Bu gün artıq çempionatın son perioduna start veriləcək. Daha 9 turdan sonra aşağı liqada bütün suallara aydınlıq gələcək. Divizionun 1-ci və 2-ci dövrələrində nələr baş verdiyinə müqayisəli şəkildə baxaq.
 
Lider “Qaradağ Lökbatan”dı. 38 xal toplayan komanda bütün rəqibləri üçün əlçatmazdı. Ardıcıl 4 məğlubiyyət də əsas rəqiblərin ciddi yaxınlaşmasına kifayət etməyib. Görünən odu ki, belə davam edəcəyi halda “Qaradağ Lökbatan” mövsümün sonunda çempion adını qazanacaq. Ancaq son matçlarda komandada açıq-aşkar geriləmə müşahidə olunur. Məlumata görə, çempion olacağı halda “Qaradağ Lökbatan” Premyer Liqaya buraxılmayacaq. Bu isə komandanın motivasiyasına ciddi təsir göstərib. Mövsümün ilk yarısını məğlubiyyətsiz bitirən lökbatanlıların fasilədən sonra ardıcıl 4 yenilgisini elə məhz bu cür səbəblə əlaqələndirmək olar.
 
İkinci dövrənin ən yaxşısı “Şüvəlan”dı. AZAL-ın varisi son 9 matçdakı çıxışına görə 6-cı yerdən 2-ci pilləyə yüksəlib. Hazırda aktivində 30 xalı olan komanda MOİK-lə birgə liderə ən yaxın kollektivlərdi. “Hərbçilər”də isə geriləmə müşahidə olunur. Mövsümün ilk yarısının güclülərindən olan Bakı klubu ikinci pilləni artıq əldən verib. Daha çox baş məşqçi dəyişiklikləri ilə yaddaqalan MOİK üçün bir futbol ilinin belə boşa xərcləndiyini demək olar. Halbuki mövsümün əvvəlində komandanın I Divizionda çempion olma, Premyer Liqaya yüksəlmə hədəflərindən danışılırdı.
 
Qışdan sonrakı dövrdə oyunu ilə diqqət çəkən digər komanda “Xəzər”di. Mövsümün ilk hissəsini o qədər də yaxşı keçirməyən paytaxt təmsilçisi bütün rəqiblərindən fərqli olaraq qış toplanışını ölkə xaricində – Antalyada keçdi. Heyətində də xeyli güclənmə baş verən “Xəzər” fasilədən sonra yalnız bir matçda məğlub olub. “Binə”də də oxşar vəziyyətdi. Hətta bu komandaların ikinci dövrə üzrə xalları da bərabərdi – 14. Ancaq qəsəbə təmsilçisi ilk dövrəni daha yaxşı keçirdiyindən ümumi turnir cədvəlində “Xəzər”i qabaqlayır. Ancaq komandaları cəmi iki xal ayırır. Ümumiyyətlə, turnir cədvəlində 2-6-cı yerlər arasındakı fərq çox azdı və cəmi 5 xalla ifadə olunur.
 
İkinci “5-lik” “Turan Tovuz”la başlayır. Son çempion 2-ci dövrədəki uğursuz çıxışına görə 3 pillə geri düşüb. Ümumiyyətlə, qərb təmsilçisi bu periodun ən zəif 3-cü komandasıdı. Hətta autsayder “Zaqatala”ya da uduzan “Turan Tovuz”un çempionatın bundan sonrakı hissəsi üçün hər hansı iddiasının qalmadığını söyləmək olar.
 
Turnir cədvəlinin ikinci yarısında qərarlaşan yeganə Bakı klubu “Sabah”dı. Düzdü, komanda 2-ci dövrədə daha yaxşı çıxış edib, ancaq bu aşağı sıralardan uzaqlaşmağa kifayət etməyib. Dövrənin 6-cısı olan komanda ümumi turnir cədvəlində 7-ci sırada qərarlaşıb.
 
Son 3 pillədə “Mil-Muğan”, “Ağsu” və “Zaqatala” qərarlaşıb. 2016/17 mövsümünün ortababları bu dəfə olduqca zəif çıxış edirlər. “Mil-Muğan” və “Ağsu” 21 xalla 8-9-cu yerləri bölüşdürürlər. Bu komandalar 3-cü dövrədə yaxşı nəticələrlə irəliləyə bilərlər. Ancaq “Zaqatala”nın sonuncu olacağı demək olar ki, dəqiqləşib. Düzdü, komanda son matçlarda iki qələbə qazanmağı bacarıb. Ümumiyyətlə, “Zaqatala” qış fasiləsindən sonra daha güclü görünür. Ancaq komanda rəqiblərindən o qədər çox geri düşüb ki, bu fərqi aradan qaldırmaq az qala mümkünsüzdü.
 
***
 
Həm ümumi turnir cədvəlinə, həm də dövrənin mənzərəsinə nəzər yetirdikdə Premyer Liqada olduğu kimi I Divizionda da paytaxt və Bakıətrafı ərazilərdən olan klubların hegemonluğu müşahidə olunur. 4 region təmsilçisindən heç biri turnir cədvəlinin birinci yarısına düşə bilməyib. Paytaxt klublarından isə yalnız “Sabah” nisbətən uğursuz çıxış etdiyindən bir bölgə klubunu özündən irəli buraxıb. Ancaq istisna deyil ki, bu komanda da növbəti turlarda irəliləyişə nail olsun. Çünki turnir cədvəlindəki hazırkı vəziyyət daha çox 2-ci dövrədəki nəticələrə görə yaranıb. Bakı təmsilçiləri güclənir, digərləri isə getdikcə siyahıdan silinir.
 
Buna qədər I Diviziona məhz bölgə klublarının yarışma imkanına, regionlarda futbolun – istənilən formada olmasa belə – yaşamasına görə müsbət yanaşılırdı. Mövsümün əvvəlində Bakı təmsilçilərinin sayının artması qeydə alındı, indi isə bölgə klublarının onlara müqavimət göstərmək gücündə olmadığı ortaya çıxır. Hələ onu da nəzərə alsaq ki, I Diviziondakı nəticələr çox zaman Premyer Liqaya komanda yüksəlməsində həlledici olmur, belə bir turnirin ölkə futboluna nə verdiyi geniş müzakirə mövzusuna çevrilməlidi.
 
I Divizionun digər bir problemi isə danışılmış oyunlarla bağlı şübhələrdi. Buna qarşı nə qədər mübarizə aparılsa da, ciddi irəliləyiş baş vermir. Yenə də UEFA-dan məlumatlar daxil olur, bir çox matçda şübhəli məqamların olduğu deyilir. Düzdü, bu, keçən mövsüm olduğu həddə deyil. Az qala hər tur şübhəli matçların ortaya çıxdığı çempionatdan fərqli olaraq bu il vəziyyət bir qədər düzəlib. Hər halda bir sıra futbolçuların bu sahədən uzaqlaşdırılması, iki klubun çempionatdan kənarlaşdırılması öz təsirini göstərir. Ancaq yenə də problem davam etməkdədi. Hətta bəzi klublarla bağlı konkret ittihamlar da səsləndirilir. Mübarizə aparılır, problem isə ortadan qalxmır ki qalxmır.
 
I Divizionda ikinci dövrənin turnir cədvəli

N Klub O Q H M T-F X
1 Şüvəlan 9 5 2 2 11-6 17
2 Qaradağ Lökbatan 9 5 0 4 16-11 15
3 Xəzər 9 4 2 3 8-5 14
4 Binə 9 4 2 3 14-12 14
5 MOİK 9 4 1 4 11-12 13
6 Sabah 9 3 4 2 9-11 13
7 Ağsu 9 4 1 4 7-11 13
8 Turan Tovuz 9 3 2 4 13-11 11
9 Zaqatala 9 2 2 5 10-12 8
10 Mil-Muğan 9 2 2 5 12-20 8

“FutbolPress”

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb