Divizion problemləri: stadion narahatlığı, lisenziya tələbləri

FutbolPressI Divizionda 20 tur geridə qalıb. Bu mövsüm çempionatda iştirak edən “Araz Naxçıvan” 50 xalla vahid liderdir və ən yaxın izləyicisi “Neftçi-2″ni 10 xal qabaqlayır.

“Birincilər”in dəstəsində 9 komanda Premyer Liqa klublarının əvəzediciləridir. Bu, belə formatda keçirilən son mövsümdür. Yeni sezondan artıq elita təmsilçilərinin ikinciləri üçün ayrı çempionat təşkil ediləcək, Divizionda isə komanda sayı 15-dən 10-a endiriləcək.

AFFA İcraiyyə Komitəsi tərəfindən qəbul edilən bu qərar ölkə futbolunun inkişafına yönəlmiş addımdır. Artıq bölgələrdə futbol yarışları artacaq, həm aşağı liqada, həm də əvəzedicilərdə ədalətli rəqabət mühiti yaranacaq. Ölkə futbolu mütləq şəkildə bundan inkişaf baxımından payını alacaq.

Divizionda turnir cədvəlinə nəzər saldıqda ilk “10-luq”da 6 əvəzedici komanda var. Bunlar “Neftçi”, “Qəbələ”, “Turan Tovuz”, “Kəpəz”, “Səbail” və “Şamaxı”nın ikinciləridir. Adını sadaladıqlarımız “birincilər”in oyunlarında əsas komandadan futbolçu götürə bilir və bu da digər rəqiblərlə müqayisədə təcrübə və keyfiyyətin bir az üstünlük qazandırmasına səbəb olur.

Divizon üçün tələblər

Yeni mövsümdə Divizionda komanda sayı 15-dən 10-a endiriləcəyini qeyd etdik. Yarışa 4 yeni bölgə komandası qoşulacaq. Lakin kimlərin gələcəyi hələ bəlli deyil. Bəs, bu komandalar hansı meyarlar əsasında seçiləcək?

Bununla bağlı Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyevlə əlaqə saxladıq. PFL rəsmisi Divizionda yarışmaq üçün ilk növbədə klubların yaxşı infrastruktura sahib olmalarına ehtiyac olduğunu söylədi:

“Divizionda iştirak edən komandalar üçün müəyyən maliyyə ayrılacaq. İstəyirik ki, klublar lisenziya tələblərini yerinə yetirsinlər. Bununla bağlı Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla görüşdük, fikir mübadiləsi apardıq. Əsas məsələ infrakstrukturdur. Daha sonra klubun idarə heyəti formalaşdırıllmalıdır. Bununla yanaşı, Divizionda iştirak etmək istəyənlərin aşağı yaş qrupları üzrə komandaları da olmalıdır. AFFA-nın maliyyə ayırmasından sonra müraciət edənlər olub. Tək bu deyil, klublar əlavə gəlir mənbəyi də tapmalıdır. Bizim üçün prioritet region komandalarının olmasıdır. Bölgələrdə futbola maraq azarkeş baxımından daha çoxdur”.

Hazırda I Divizionda mübarizə aparan “İmişli” ev oyunlarını doğma regionda yox, Saatlıda keçirir. Buna səbəb yerli stadionun yararsız vəziyyətdə olmasıdır. İmişli şəhər stadionunda işlər bir müddətdir başlanılıb, lakin hansı tarixə yekunlaşacağı məlum deyil. Bundan başqa, “Mingəçevir” klubunun da stadionunun durumu ürəkaçan deyil. Ot örtüyü bərbad vəziyyətdədir. Şahgəldiyev lisenziya tələblərinin ağır olmadığını, lakin əsas problemin stadion məsələsi olduğunu qeyd etdi:

“Bizi və klubları narahat edən başlıca məsələ stadiondur. Bununla bağlı problemlər mövcuddur. Qoyduğumuz şərtlər ağır deyil. Komandalar da heç olmasa infrasturkturla bağlı idman tələbləri yerinə yetirilməlidir ki, qarşıda mövsümdə Divizionda iştirak etsinlər”.

“Əlavə çempionatın yaradılması hər bir futbolçuya oynamaq üçün şans yaradacaq”

Azərbaycan futboluna ən çox oyunçu bəxş edənlərdən olan “Qəbələ” Futbol Akademiyasının faəliyyətində son dövrlərdə geriləmə müşahidə olunsa da, hazırda əvəzedicilərdə vəziyyət qənaətbəxşdir. Azərbaycan millilərinin son toplanışlarında “Qəbələ”dən U-17 və U-21-ə 4, U-18-ə 5, U-20-yə 2 futbolçu dəvət alıb.


                                                        Heydər Əliyev adına İmişli Şəhər Stadionu

Bölgə təmsilçisinin əvəzedici komandası bu mövsüm I Divizonda 20 oyundan sonra 37 xalla 3-cü sırada qərarlaşıb. Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv lider “Araz Naxçıvan”dan 13, ikinci “Neftçi-2”dən isə 3 xal geri qalır. Komanda keçirdiyi oyunlarda 11 qələbə qazanıb, 5 dəfə uduzub.

“Qəbələ”nin əvəzedicilərinin baş məşqçisi Famil Xəlilov AFFA-nın Konfransında Divizion və elita təmsilçilərinin ikincilərinin çempionatının ayrılacağı ilə bağlı qərarını müsbət qarşılayıb. Saytımıza danışan mütəxəssis yarışların ayrılmasının faydasından söz açdı:

“Verilən qərar futbolçuların inkişafı baxımından müsbət haldır. Əlavə çempionatın yaradılması hər bir futbolçuya oynamaq üçün şans yaradacaq. Düşünürəm ki, son iki mövsüm əvəzedicilərin Divizionda oynaması onlara böyük təcrübə qazandırdı. Artıq hər hansı bir əvəzedici heyətin futbolçusu əsas komandaya dəvət alanda bir az sərbəst qoşulur, tez uyğunlaşır. Problemlər sadəcə meydançalarla baglıdır. Bir neçə arena var ki, futbol oynamaq üçün əlverişli deyil. Bu da zədələrə səbəb olur”.

Stadion problemini qabardan Xəlilov cari mövsümdəki çıxışlarını da dəyərləndirdi. O, komandasından razı olduğunu və futbolçularının böyük klubların diqqət mərkəzinə düşdüyünü söylədi:

“Ötən il gənc futbolçularımız daha çox idi və təcrübə baxımından problemlər yaşayırdıq. Ancaq indi kifayət qədər təcrübəli və oturuşmuş komandamız var. Futbolçularımdan, oyunlardan razıyam. Nəticələrimiz göz qabağındadır. Tək əsas komandamızdan deyil, digər klublardan da futbolçularımıza böyük maraq var”.

“AFFA-da futbolumuzun inkişafı üçün gözəl işlər görürlər”

Divizionda son sıralarda yer alan bölgə təmsilçiləri “İmişli” və “Mingəçevir”dir. Birinci 12-cidirsə, ikinci 14-cüdür. “İmişli” ev oyunlarını yerli arenada keçirə bilmir. İmişli şəhər stadionunda gedən təmirlə bağlı komanda Saatlıda rəqiblərini qəbul edir. Bölgə təmsilçisinin yeni sezondan öz arenasında oynayacağı gözlənilir. Bununla bağlı komandanın baş məşqçisi Ruhid Usubov açıqlamasında dedi. Həmsöhbətimiz artıq arenada tamamlama işlərinin getdiyini bildirdi:

“Çempionatların ayrılması əla oldu. Premyer Liqa klublarının əvəzediciləri ilə oyunda balans pozulurdu, rəqiblər əsas komandadan 4-5 futbolçu gətirirdilər. Amma indi yeni mövsümdən səviyyə daha artacaq.

İmişli şəhər stadionunda problemlər aradan qaldırılır. Ot örtüyü düzəlib, hər şey qaydasındadır. Bəzi çatışmazlıqları da həll edəcəyik. Son qərarları alqışlayıram. AFFA-da futbolumuzun inkişafı üçün gözəl işlər görürlər. Heç kimin yaxın durmadığı vaxtda bizə kömək etdilər və I Diviziona çıxardılar. Onlardan başqa bizə yardım edən yox idi”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu