“Dinamo”nun bərpası gənclər üçün bir şansdır”

FutbolPress1997-ci ildə yaradılan, daha sonra fəaliyyətini dayandıran “Dinamo” yenidən bərpa olundu. Komanda AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul olunan qərara görə, “Şahdağ Qusar”la birlikdə II Liqada iştirak edəcək. Klubun rəhbəri Yaşar Seyidovdur. Hansı ki, keçmiş “Dinamo”ya da məhz o başçılıq edirdi.

Klubun bərpası futbolumuzda son illərdə qabardılan hərbi xidmət probleminin də həlli üçün faydalı olacaq. Xüsusilə, aşağı yaş qrupları üzrə komandaların məşqçiləri tez-tez müsahibələrində gənclərin yaxşı vaxtlarında hərbi xidmətə yollandığını, qayıtdıqdan sonra ya marağının azaldığını, ya da başqa sahəyə yol aldığından gileylənir.

“Dinamo”nun yaradılması bu problemin qarşısının alınması üçün bir yol olacaq. Azından belə nəzərdə tutulub. Klubun bərpası həm də gənc futbolçular üçün özünü göstərmək şansı yaradacaq.

Klubun rəhbəri Yaşar Seyidovla “Dinamo”nun bərpası, strukturu və digər planlarla bağlı söhbətləşdik:

– Yenidən “Dinamo” ilə böyük futbola qayıtdız. Klubun strukturu necə formalaşacaq?
– Klubun İdarə Heyəti və Müşahidə Şurası olacaq. İradə Heyətinin qərarı ilə rəhbər funksiyasını mən yerinə yetirəcək.

– “Dinamo” üçün II Liqada iştirak nələr vəd edir?
– II Liqanın yaradılması bizi sevindirdi. AFFA-nın təşkilatçılığı və dövlət tərəfindən maliyyə yardımı olmadan bunları həyata keçirmək mümkün deyil. İndi yeniyik, tədricən müəyyən sponsorlar da futbola sərmayə qoymağa başlayacaq və bizə diqqət ayrılacaq, klublar arasında stabillik olacaq. Düzdür, etiraf edirəm ki, ilk ilimiz çox çətin keçəcək. Çünki yarışa daxil olan son komandayıq…

– Heyət necə formalaşacaq? Qısa vaxtda yaxşı komanda qurmaq çətin olmayacaq?
– Düzdür, çətin olacaq. Demək olar, bütün futbolçular yeni komandaları ilə müqavilə imzalayıb. Bizə heyətə düşə bilməyənlər qalıb. Nə etmək olar… İrəliləmək istəyiriksə, mübarizə aparmalıyıq.

– Bu istiqamətdə hansı işlər görülüb?
– Artıq gənc futbolçuları dəvət etmişik, məşqlərimiz başlayıb. Onlar da məsuliyyətlərini başa düşməli, öz üzərlərində işləməlidirlər.

– İnfrastrukturla bağlı vəziyyət nə yerdədir?
– Desəm ki, hər şey var, düz olmaz. Yeni fəaliyyətə başlamışıq və bu istiqamətdə işlərimiz gedir. Mən harda rahat başlamışam ki? O vaxt “Dinamo” və “Bakı”da da belə çətinliklər oldu, amma təslim olmadım. Ölkə futboluna Emin Quliyev, Ceyhun Sultanov, Ramin Quliyev, Mahir Emreli, Namiq Ələsgərov, İlyas Qurbanov, Rafael Əmirbəyov, Rəhman Hacıyev və adını çəkmədiyim onlarla futbolçu bəxş etdik. Azərbaycan çempionu olduq, kubok qazandıq, gümüş, bürünc medallara layiq görüldük. Milli komandalar üçün 72 oyunçu hazırladıq. Bunları etməyə başlayanda da məşq üçün meydançamız yox idi. Hər cür çətinlik görmüşəm, amma sınmamışam.

– Son illərdə futbolumuzda əsas problemlərdən biri gənclərin hərbi xidmət məsələsidir. Bəzən hərbi xidmətdən qayıdan futbolçular ya əvvəlki formasını bərpa edə bilmir, ya da birdəfəlik uzaqlaşırlar. Bu məsələni necə nizamlayacaqsız?
– “Dinamo”nun bərpası gənclər üçün bir şansdır. İlk dəfə peşəkar futbolçu kimi özlərini sınamaq hüququ qazanacaqlar. Çətin olacaq, amma bunu etməklə peşəkarlaşacaqlar. Hərbi xidmətlə bağlı məsələ milli komandalara da təsirini göstərir. Bu məsələni də nizama salmaq üçün çalışacağıq. İstər milli, istər klub üçün faydalı ola biləcək oyunçular hərbi xidmət vaxtı problemlə üzləşirlər. Əsas məqsədlərimizdən biri hərbi xidmətə yollananların futboldan uzaq düşməməsinə kömək etməkdir.

– Təcrübəsiz və gənc heyətlə çıxış edəcək komandanın başqa hansı hədəfləri olacaq?
– Komandanı formalaşdırmaq və yaxın illərdə iddialı kluba çevirmək istəyirik. Bununla yanaşı, akademiya yaratmaq, futbolumuza faydalı olmaq üçün çalışacağıq. Futboldakı təcrübəmiz bizi inamlı olmağa və səbirlə çalışmağa sövq edir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu