Estoniya millisinin baş məşqçisi Yurgen Hennin mətbuat konfransı keçirilib.
Futbolpress.az xəbər verir ki, gənc mütəxəssis sabah Azərbaycan millisiylə keçiriləcək matç haqda fikirlərini bölüşüb və jurnalsitlərin suallarını cavablandırıb.
– Bu oyun üçün uzaq yol qət etmisiz. Bu yorğunluğun oyuna təsiri olacaq?
– Xeyr. Hər şey yaxşıdır. Planlamanı düzgün həyata keçimişik. Həmçinin Azərbaycanın qonaqpərvərliyini qeyd etmək istərdim. Hər zamankı kimi hər şey yüksək səviyyədə təşkil olunmuşdu.
– İlk dəfə keçirilən görüşdə qələbə qazandınız. Avropa çempionu olmuş Fernandu Santuşa qarşı qələbə qazanmağınız sizə necə təsir etdi? Bir gənc mütəxəssis kimi Estoniyada sizi necə qarşıladılar?
– Xeyr, bu barədə heç vaxt düşünməmişik. Önəmli olan komandanın yüksək şəkildə çıxış etməsidir. Əlbəttə, belə məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün böyük bir qürur idi. Ancaq dediyim kimi, vacib olan komandamın performansı, meydandakı çıxışıdır.
– Hazırda bizdə belə bir düşüncə formalaşıb ki, əgər Azərbaycan millisi D liqasına yuvarlanarsa, böyük faciə olar. Bəs, qrup sonuncusu kimi siz D liqasına düşsəniz necə olar?
– Deyərdim ki, hər yerdə belədi. Hər ölkə istəyir ki, komandası daha yüksək liqada çıxış etsin. Amma belə bir uğursuzluq bizdə də bir növ faciə kimi sayılacaq. Lakin nəzərə almaq lazımdır ki, digər qruplarla müqayisədə bizimki daha çətin idi. Bunu həm özümüz üçün, həm də Azərbaycan millisi üçün deyirəm. Bəlkə də başqa qruplarda olsaydıq, şansımız daha çox olardı. Ancaq əvvəl-axır kimsə getməlidir.
– Komandanın sağlıq durumu necədir?
– Futbolçularımın hamısının durumu yaxşıdır. Sadəcə bir oyunçum sual altındadır. Bu toplanışa 26 futbolçu cəlb etmişik. Bu da bizə kifayət qədər seçim imkanları verir.
– Bu təlim-məşq toplanışında, əsasən, nəyə fokuslanmısınız?
– Daha çox fərdi aspektləri təhlil etmişik. Öncə komanda olaraq özümüzün nədə daha yaxşı olduğu üzərində təhlil aparmışıq. Həmçinin rəqiblərimizin hamısını təhlil etmişik. Oktyabr və noyabr təlim-məşq toplanışına çağırılan heyətlər arasında fərq var idi. Yəni, oyun planıyla bağlı kifayət qədər görüləcək işlər var.
– Azərbaycan millisiylə ilk oyundan götürdüyünüz mənfi və müsbət məqamlar hansılar idi?
– İlk 20 dəqiqə komandam yaxşı çıxış etmədik. İlk növbədə bunu dəyişdirmək istəyərdik. İkinci hissədə isə hər şey normal idi. Hesab edirəm ki, oyun planına sadiq qala bilsək, bizim üçün uğurlu olacaq.
– D liqasına yuvarlanmaq Azərbaycan mətbuatında faciə kimi qiymətləndirilir. Bu Estoniya üçün yaxşı haldır?
– Bunun həm müsbət, həm də mənfi tərəfi ola bilər. Ümid edirəm ki, mənfi təsir göstərməz. Komanda bu nəticəyə görə həyəcanlı çıxış edə bilər. Komandada həyəcan amilinin yer almamasına çalışacayıq.
– Azərbaycan millisiylə keçirdiyiniz ilk görüş sabahkı oyundan nə ilə fərqlənəcək?
– Rəqibimiz sabah daha yaxşı çıxış etmək istəyəcək. Onlar evdə oynayacaq. Biz sabaha hazır olmalıyıq. Ancaq təkcə nəticə üzərində yox, həm də yaxşı performans göstərmək istəyirik.