“Neftçi” Azərbaycan Premyer Liqasının VII turunda bu gün “Qarabağ”ın qonağı olacaq. Görüşə saat 20:00-da start veriləcək.
Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında derbidən gözləntilərini bölüşdü:
“Son dönəmlərdəki nəticələr “Neftçi”yə motivasiya baxımından ciddi təsir edib. Aşkar görünür. Belə deyək, bundan sonrakı bütün oyunlarda xal götürmək məcburiyyətindədilər. Lakin bu dəfəki rəqibləri “Qarabağ”dır. “Neftçi”nin üstünlüyü o ola bilər ki, “Qarabağ”ın bir neçə gün sonra “Tottenhem”lə Avropa Liqası matçı var və bəzi futbolçular 90 dəqiqəyə oynamaya bilər. Rotasiya məsələsi “Neftçi”yə əlverişli şərait yarada bilər. Hər bir halda, “Qarabağ”ın istənilən heyəti “Neftçi” üçün çətinlik yarada bilər. Onları ağır oyun gözləyir”.
Mütəxəssis “Neftçi”nin bu gün “Qarabağ”dan xal ala biləcəyini vurğuladı:
“Neftçi”nin daha çox müdafiədə oynayacağını düşünürəm. Tam olaraq öndə oynamayacaqlar. Cinahlarda Ramil Şeydayev və Kilan Lebonun köməyi ilə sürətli əks-hücumlardan qol axtarmağa çalışacaqlar. “Neftçi”nin son oyunlardakı performansı ürəkaçan deyil, çoxlu top itkilərinə yol verirlər. Dayaq yarımmüdafiəsi zonasında çoxlu itkilər baş verir, bunu əvvəlki oyunlarda da gördük. Biri var risk edib itirəsən, biri də var hücum quranda. Belə məqamda rəqiblərin də qol vurmağı asanlaşır. Xüsusilə, “Qarabağ” kimi komandaya qarşı bu səhvlərə yol vermək olmaz. “Neftçi” nə vaxtsa xal qazanmalıdır və bu, bugünkü matç ola bilər. “Qarabağ”ın “Tottenhem”lə də oyunun olduğunu nəzərə alsaq, “Neftçi” onlardan xal götürə bilər”.
Şahin Cəfərov