“Neftçi”nin əvəzedici komandası çempionatda 17 turdan sonra 39 xalla birinci sıradadır. “Ağ-qaralar” ikinci pillədəki “Turan Tovuz-2″ni 1 xal qabaqlayır.
“Neftçi-2″nin baş məşqçisi Rəşad Abdullayev “FutbolPress“ə açıqlamasında nəticələri dəyərləndirdi:
“Komandamızın çıxışını qənaətbəxş hesab etmək olur. Futbolçularımız həm inkişaf, həm turnir cədvəli baxımından daim irəli baxmaq istəyirlər. Söhbətlərimizdə də qeyd edirik ki, biz daha irəli getməliyik. Oyunçular da bunu başa düşür. 17 turdan sonra 12 qələbə qazanıb, 2 dəfə heç-heçə etmişik. Qış fasiləsinə kimi bir oyunumuz qalıb və daha yaxşısını etməyə çalışacağıq”.
“Neftçi”nin əvəzedici komandasının üzvü Murad Məmmədov bu mövsüm əsas komandada çox şans qazanması ilə diqqət çəkir. Abdullayev Məmmədovla yanaşı, daha bir neçə potensiallı oyunçularının olduğunu bildirdi:
“Murad istedadlı oyunçularımızdan idi. Sevinirik ki, yetirməmiz əsas komandada uğurlu çıxış edir. Muradla yanaşı, potensiallı oyunçularımız var. Onlar da gələcəkdə əsas komandada yerlərini alacaqlar”.
Şahin Cəfərov