Daha bir tsiklin sonu: nə qazandıq, nə itirdik?

FutbolPressFutbol üzrə Azərbaycan yığma komandası Millətlər Liqasının daha bir mövsümündə çıxışını başa vurdu. Düzdür, AVRO-2024-ün seçmə mərhələsində Millətlər Liqasının C Liqasında qrup qalibi olan komandalardan azı 2-si uğur qazana bilsə, çempionata seçmə tsikldən vəsiqə qazansa, millimiz pley-offda oynamaq hüququ qazanacaq. Ancaq bu çox cüzi, reallıqdan uzaq ehtimaldır. Ona görə də növbəti Millətlər Liqası kampaniyasının bizim üçün bitdiyini hesab edə bilərik.

İstənilən halda, qrup mərhələsi başa çatdı, 1-ci yeri tutmaq mümkün olmadı. Ölkə futbolunun güzgüsü sayılan milli komandanın nəticələrinin detallı təhlilinə ehtiyac var: Millətlər Liqası kampaniyasından nə qazandıq, nə itirdik, reallıq gələcək üçün hansı düşüncələrə əsas verir?

55 faizlik nəticə

C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi Slovakiya, Belarus və Qazaxıstanla mübarizə apardı. Rəqiblərin sıralamasını bu formada yazmağımız təsadüfi deyil. Slovaklar qrupun reytinq favoriti hesab olunurdu. Belarus 2-ci, Qazaxıstan sonuncu idi. Yekun turnir cədvəli isə tamamilə fərqli oldu. D Liqasında yuvarlanmaqdan son anda xilas olan, pley-off oyunları ilə C Divizionunda mövqeyini qorumağı bacaran qazaxlar sürprizə imza atıb, qrupu lider kimi başa vurdu.

Millinin qrupunda yekun vəziyyət belə oldu: Qazaxıstan – 13 xal, Azərbaycan – 10 xal, Slovakiya – 7 xal, Belarus, 3 xal.

Millətlər Liqasındakı nəticələr:

Qazaxıstan – Azərbaycan – 2:0
Belarus – Azərbaycan – 0:0
Azərbaycan – Slovakiya – 0:1
Azərbaycan – Belarus – 2:0
Slovakiya – Azərbaycan – 1:2
Azərbaycan – Qazaxıstan – 3:0

Yığmamız 6 matçda 7 qol vurdu və öz qapısında 4 top gördü. Komandanın heyətində 6 fərqli futbolçu fərqlənməyi bacardı: Ramil Şeydayev, Renat Dadaşov, Mahir Emreli, Anatoli Nuriyev, Filip Ozobiç, Höccət Haqverdi. Daha bir qol isə rəqibin avtoqolu sayəsində reallaşdı. Qazaxıstan millisinin futbolçusu Aleksandr Maroçkin Bakıdakı qarşılaşmada topu öz qapısına göndərdi.

Azərbaycan yığmasının nəticəsinin faizlə ifadəsi 55-dir. Deməli, ümumən balans pozitivdir. Buna qədər Millətlər Liqasında ən yaxşı nəticə turnirin ilk mövsümündə qeydə alınmışdı. 2018/19 mövsümündə komanda indiki kimi ikinci olsa da, həmin zaman 9 xal toplamışdı.

Son mövsümlə bağlı daha bir vacib məqam ardıcıl 3 oyunda qələbə qazanılmasıdır. Azərbaycan millisi tarixi ərzində heç zaman buna nail ola bilməmişdi. İndiyə qədər yalnız bir dəfə ardıcıl iki oyunda qalib gəlmək mümkün olmuşdu. Bu, DÇ-208-in seçmə mərhələsində qeydə alınmışdı. Həmin zaman komanda Norveç və San-Marino üzərində minimal hesablı qələbələrə sevinmişdi.

Uğursuz start, pozitiv sonluq

Yığma Millətlər Liqası mövsümünə çox uğursuz start verdi. Səfərdə o zaman qrupun autsayderi hesab olunan Qazaxıstanla qarşılaşan komanda 2 cavabsız qolla məğlub oldu. Zəif sayılan rəqiblə görüşdə meydana 5 müdafiəçi buraxmasına görə tənqilərə məruz qalan baş məşqçi De Byazinin komandası əksər statistik göstəricilərdə rəqibini üstələsə də, yenilgidən qaça bilməmişdi. İtalyan çalışdırıcı seçmə mərhələnin son oyununun ardınca da məhz həmin qarşılaşmadakı nəticəyə görə təəssüfləndiyini qeyd etdi.

Qazaxıstandan Serbiyaya yollanan milli ikinci oyununu siyasi səbəblərə görə ölkədən kənarda oynamalı olan Belarusa qarşı keçirdi. Meydan üstünlüyü olmayan rəqiblə  görüşdə yenə 5 müdafiəçi ilə oynayan Azərbaycan yığması, bununla belə, diqtə edən tərəf oldu. Ancaq bu dəfə də yekun nəticə azarkeşləri razı salmadı. 0:0 hesablı heç-heçə hər halda yığmaya ilk xalı gətirdi.

İlk ev oyunu Slovakiyaya qarşı oldu. Bu dəfə isə milli seçmə mərhələdə, bəlkə də, ən zəif oyununu keçirdi. Matçboyu müdafiə olunan komanda yekunda 1 xalı qazanmağı da bacarmadı. Son dəqiqələrdə buraxılan qol 2-ci məğlubiyyətlə nəticələndi. Baş məşqçi yenə 5-li müdafiə xəttinə üstünlük vermişdi.

Qrup mərhələsinin ikinci yarısı uğurlu alındı. 4-cü turda Belarusu qəbul edən yığma doğma azarkeşləri qarşısında ilk qələbəsini qazana bildi. Düzdür, bu görüşdə Azərbaycan millisinin böyük üstünlüyü yox idi. Ümumiyyətlə, oyun bərabər səviyyədə keçdi. Ancaq ikinci yarıda futbolçuların fərqi keyfiyyətləri ön plana çıxdı və Mahir Emreli ilə Ramil Şeydayevin baxımlı qolları qələbə üçün kifayət etdi. Komanda oyuna 5 müdafiəçi ilə başlasa da, qolların vurulduğu ikinci hissədə sistem dəyişdirilmiş, milli daha hücumameyilli düzülüşə keçmişdi. Bundan sonrakı oyunlarda De Byazi 4-lü müdafiəyə keçid etdi və qələbələr bunun daha doğru seçim olduğunu göstərdi.

Slovakiya üzərində səfərdə əldə edilən qalibiyyəti əksəriyyət təsadüfi hesab edir. Hərçənd, milli ilk hissəni çox yaxşı keçirmiş və fasiləyə üstün yollanmışdı. Ancaq ikinci yarıda slovaklar yığmanı tamamilə öz qapısına sıxışdırdı. Rəqib son dəqiqələrdə tarazlığı bərpa etməyi də bacardı, ancaq ardınca millimizə bir fürsət düşdü və bu, qələbəyə kifayət etdi.

Qazaxıstanla Bakıdakı görüş milli üçün bir növ revanş xarakterli idi. Baş məşqçi və futbolçuların ilk qarşılaşmadakı məğlubiyyəti unutmadığı mətbuata verikləri açıqlamalardan, mətbuat konfranslarındakı fikirlərdən hiss olunurdu. Mərdəkandakı görüşdə milli çox üstün futbol oynadı. Əlbəttə, bunda rəqibin uzun müddət azlıqda oynamasının da rolu var idi. 90 dəqiqə ərzində qazaxlara qapıya zərbə vurmaq imkanı verməyən komanda 3 qolla ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.

Oyunların ardıcıllığı zaman keçdikcə sistemin daha təkmilləşməsi ilə də xarakterizə oluna bilər. İlk görüşlərdə praqmatik heyət seçimi edən De Byazi zaman keçdikdə meydana daha cəsarətli “11-lik” buraxdı. Bu isə özünü nəticələrdə müsbət mənada əks etdirdi. Ancaq vurulan qollarda oyunçuların fərdi bacarığı hazır kombinasiyalardan daha çox ön plana çıxdı.

Rəqəmli mənzərə

– 7 qol vuran Azərbaycan millisi bu göstərici üzrə 54 yığma arasında ortabablardan oldu. Komanda 27-ci pilləyə şərik 6 kollektivdən biri idi. Penaltidən qol vurmayan yığma 1 avtoqola sevindi. Bütün qollar cərimə meydançası daxilindən vuruldu. Əslində, yığma uzaq zərbələrdən kifayət qədər istifadə edir, görünür, bunda o qədər də effekt əldə edilməyib.

– Milli turnirin hücumameyilli kollektivlərindən hesab edilə bilər. Qapı istiqamətinə zərbələrin ümumi sayı 76 oldu ki, bu da komandanı 12-ci yerə şərik edir. Zərbələrin 25-i qapıya gedibsə, 30-u çərçivədən yan ötüb. Bloklanan zərbə sayı 21-dir. Realizsiya nisbəti 7,8 faizdir. Nəzərə alaq ki, qollarımızdan birini rəqib öz qapısına vurub.

– Ümumi hücum cəhdi 209-dur və bu, orta göstəricilərdəndir – 24-cü yer.

– Millidə ötürmə dəqiqliyi o qədər də yüksək deyil. Bunu da əslində bir çox oyunda müdafiə keyfiyyətləri yüksək futbolçuların meydanda olması ilə əlaqələndirmək lazımdır. Ötürmələrin dəqiqliyi 79,5 faiz olub ki, bu, Estoniya ilə 37-ci yeri bölüşmək anlamına gəlir.

– Millinin topla oynama faizi 52,8-dir. Deməli, qrup mərhələsi oyunlarında top daha çox Azərbaycan futbolçularında olub.

– Qapı qarşısına 87 ötürmə cəhdindən cəmi 20-si uğurlu alınıb. 23 faizlik göstərici hələ də bu mənada Azərbaycan futbolunda problemin davam etdiyinin göstəricisidir. Amma 32 künc zərbəsindən 1 qol vurmaq mümkün olub. Bu isə müsbət məqam hesab olunmalıdır.

– Milli müdafiə planında diqqət çəkməyi bacardı. Komanda top qazanmada (248) 5-ci yerə şərik 2 komandadan biri oldu.

– Azərbaycan klubları və yığma komanda beynəlxalq arenada çox zaman qapıçı qurtarışları ilə diqqət çəksə də, bu dəfə vəziyyət fərqlidir. Seyvlərin ümumi sayı 17 oldu ki, bu da 19-cu yerə şərik 5 yığmadan biri olmaq deməkdir. Deməli, müdafiə xətti qapıya çox zərbə endirilməsinə imkan verməyib. Cəmi 4 qol buraxan kollektiv bu göstəricilərdə də yüksək sıralardadır. 3 matçda qapını toxunulmaz saxlamaq mümkün oldu ki, yalnız 4 komanda bundan daha yaxşısına nail olub.

– Hücumçu Renat Dadaşov 11 zərbə ilə bu göstəricidə 42-ci yerə şərikdir. O, 4 cəhdində “çərçivə”yə düşdüsə, 7 dəfə hədəfdən yayındı.

– Dayaq yarımmüdafiəçisi Eddi İsrafilov qrup mərhələsini 35 top qazanma ilə bitirdi. O, bu göstəriciyə görə 22-ci yerə şərik oldu.

De Byazinin sevimliləri və ya möhkəm mövqelər

Baş məşqçi Canni De Byazi 6 oyunda 29 futbolçunun xidmətindən yararlandı. Onlardan 1-i qapıçı, 12-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 7-si hücumçudur.

Ən çox oynayanlar “Qarabağ”lılar – qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Bəhlul Mustafazadədir. Onlar 6 matçın hər birini əvəz edilmədən keçirdilər.

Ümumən, oynama dəqiqələrinə əsasən, bu iki futbolçu ilə yanaşı Höccət Haqverdinin müdafiədə, Emin Mahmudovla Eddi İsrafilovun yarımmüdafiə xəttində, Renat Dadaşovun isə hücumda yerini möhkəmləndirdiyini deyə bilərik.

De Byazinin bütün oyunlarda şans verdiyi oyunçuların sayı isə 6-dır. Haqverdi 5 qarşılaşmada meydanda oldusa, yuxarıda adı çəkilən  digər oyunçularla yanaşı Ramil Şeydayev də bütün görüşlərin iştirakçısı oldu. Sadəcə, baş məşqçi onu daha tez-tez əvəzlədi.

6 futbolçu isə yalnız 1 qarşılaşmada meydanda oldu. Ən az oynayan Elvin Camalovdur. “Sabah”ın yarımmüdafiəçisi cəmi 7 dəqiqə şans qazandı. Ən diqqətçəkən məqam uzun illər millinin liderlərindən olan Qara Qarayevin mövqeyini itirməsidir. 2 görüşdə cəmi 50 dəqiqə oynayan yarımmüdafiəçi son 3 oyun üçün, ümumiyyətlə, milliyə çağırılmadı. Bunun səbəbinin baş məşqçi ilə aralarındakı problem olduğu bildirilir.

Millətlər Liqasında oynayan bütün futbolçular

Sıra sayı Futbolçu Mövqe Oyun Dəqiqə Qol
1 Şahruddin Məhəmmədəliyev qapıçı 6 540
2 Bəhlul Mustafazadə müdafiəçi 6 540
3 Emin Mahmudov yarımmüdafiəçi 6 511
4 Eddi İsrafilov yarımmüdafiəçi 6 464
5 Renat Dadaşov hücumçu 6 453 1
6 Höccət Haqverdi müdafiəçi 5 450 1
7 Ramil Şeydayev hücumçu 6 405 1
8 Bədavi Hüseynov müdafiəçi 5 374
9 Riçard Almeyda yarımmüdafiəçi 4 275
10 Cəlal Hüseynov müdafiəçi 3 270
11 Mahir Emreli hücumçu 5 241 1
12 Azər Salahlı müdafiəçi 4 229
13 Maksim Medvedev müdafiəçi 3 220
14 Aleksey İsayev yarımmüdafiəçi 4 148
15 Elvin Cəfərquliyev müdafiəçi 2 147
16 Ozan Can Kökçü yarımmüdafiəçi 2 117
17 Filip Ozobiç yarımmüdafiəçi 1 88 1
18 Abbas Hüseynov müdafiəçi 2 84
19 Namiq Ələsgərov hücumçu 3 70
20 Musa Qurbanlı hücumçu 2 58
21 Anatoli Nuriyev hücumçu 3 50 1
22 Qara Qarayev yarımmüdafiəçi 2 50
23 Toral Bayramov müdafiəçi 2 44
24 Coşqun Diniyev yarımmüdafiəçi 1 31
25 Anton Krivotsyuk müdafiəçi 1 31
26 Dmitri Nazarov hücumçu 1 11
27 Qismət Alıyev müdafiəçi 1 19
28 Amin Seydiyev müdafiəçi 1 18
29 Elvin Camalov yarımmüdafiəçi 1 7

Yekun

Azərbaycan millisinin Millətlər Liqasındakı nəticələrinə, statistik göstəricilərə nəzər yetirdik və hesab edirik ki, ümumi mənzərə kifayət qədər aydın oldu. Əsas pozitiv məqam kimi ardıcıl 3 qələbəni qeyd etmək lazımdır. Bundan başqa bəzi statistik göstəricilərdə də milli diqqət çəkə bilib.

Ancaq neqativ məqamlar da kifayət qədərdir. Millətlər Liqası üçün rekord xalla 2-ci yer, ardıcıl qələbələr hər nə qədər xoş olsa da, qrupdakı rəqiblərin mövcud durumuna da nəzər yetirmək lazımdır. Slovakiyada nəsildəyişmə dövrü gedir, öz meydanlnda oynaya bilməyən Belarus, bəlkə də, tarixinin ən zəif dövrünü yaşayır. Digər tərəfdən, Qazaxıstanın lider olduğu qrupda 2-cilik nə dərəcədə uğur hesab olunmalıdır? Daha çox qazaxların rəqiblərin durumundan yararlandığı, Azərbaycan millisinin isə tarixi şansdan istifadə etmədiyi düşüncələri yaranır.

Qələbə qazanılan son iki görüşün rəqiblər üçün heç bir əhəmiyyətinin olmaması da bu qalibiyyətləri sual altına salır: Slovakiyaya qələbə lazım olsaydı, oradan 3 xalla dönə bilərdikmi? Yaxud Qazaxıstan qrup liderliyini təmin etmədən gəlsəydi, onlara 3 qol vurmaq mümkün olardımı? Alternativ tarix yazmaq niyyətindən uzağıq, ancaq obyektiv qiymətləndirmə üçün bu sualların cavabının tapılması vacibdir.

Konkret rəqəmlər üzərində təhlilə söykənən başqa bir məqam FIFA reytinqi ilə bağlı vəziyyətdir. Millətlər Liqası öncəsi son cədvəldə 119-cu olan millimiz hazırkı siyahıda 128-cidir. Düzdür, bu, avqusta aid vəziyyətdir, son qələbələrin, şübhəsiz, müsbət təsiri olacaq. Ancaq hesablamalara görə, böyük ehtimalla yenə 119-cu pillədən daha aşağıda qərarlaşacağıq.

De Byazi ilə Qara Qarayev arasında yaşanan anlaşılmazlıq, milli komandada belə halın baş verməsi isə qətiyyən xoş deyil. Məsələni bu qədər ictimailəşmədən yoluna qoymaq, uzlaşmaya getmək də mümkün idi. Əlavə olaraq, bu tsikldə hər hansı gənc oyunçu üzə çıxıb millinin davamlı üzvünə çevrilmədi. Ümumən yığma komandada orta yaş o qədər də yuxarı deyil. Lakin gələcəyinə böyük ümidlər bəslənən gənc oyunçulardan biri stabil milli üzvünə çevrilə bilmədi. Cəlal Hüseynov buna yaxın idi. De Byazi ona bir neçə oyunda şans versə də, sonradan meydanda görünmədi. Premyer Liqada bombardirlik keyfiyyətlərini göstərən Musa Qurbanlı da yığmada ehtiyatda qalır.

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu