“Sabah” və “Zirə” Konfrans Liqasında mərhələ adlayıb. “Futuristlər” İsrailin “Makkabi” komandasını penaltilər seriyasında keçib, “qartallar” isə Slovakiya “DAC 1904”ünü iki oyundada məğlub etməklə adını III təsnifat mərhələsinə yazdırıb.
“Sabah” ötən həftə möhtəşəm qələbəsindən danışdığımız komanda idi. Hayfa “Makkabi”sini səfər oyununda 3:0 üstələmək böyük iş idi, hələ “futuristlər” kimi gənc, avrokuboku az olan bir komanda üçün. Buna baxmayaraq, əzmkar oyun və düzgü taktiki plan səfərdən inamla qayıtmağa imkan vermişdi. Cavab görüşündə “Makkabi”nin daha üstün tərəf kimi oynayacağı, qol axtaracağı bəlli idi. İsraillilər dünən ilk dəqiqələrdən irəli atılıb, 0:3-lə barışmadığını göstərdi. Ardıcıl hücumlardan sonra müdafiədə verilən boşluq cəzasız qalmadı. “Makkabi” fasiləyə 1:0 üstün yollandıqdan sonra artıq “bayquşlar”ın baş məşqçisi Krunoslav Renduliç və futbolçular dərin, bir o qədər kədərli düşüncələrdə idi. Birdən keçərlərsə? Hələ Bakıda, 3:0 üstünlüyün olduğu məqamda… “Sabah” elə ikinci hissəyə qolla başladı. Pavol Şafrankı “Makkabi” ilə duellərdə növbəti qolunu vurmaqla yerli fanatları həvəsləndirdi, hətta artıq demək olar, hər şeyin bitdiyi düşünülürdü. Lakin 65-75-ci dəqiqələrdə vurulan ardıcıl və qarşılıqlı qollar, sonrasında “Makkabi”nin son dəqiqələrdə ümumi hesabı bərabərləşdirməsi əlavə gərginliyə səbəb olmuşdu.
Düzü, bundan sonra “Sabah”ın penaltilər seriyasında da uduzacağı, evdə biabırçı məğlubiyyətlə turnirlə vidalaşacağını düşünənlər az deyildi. Lakin son zərbələr… lotoreya demək olar, bəlkə də, birinci dəfə Azərbaycan komandasının üzünə güldü. “Makkabi” futbolçularının yorğunluğu, kobud zərbələri komandalarını avrokuboklardan etdi.
“Sabah” futbolçuları bu oyundan ciddi nəticə çıxarmalı, eyforiyaya qapılmağın düzgün olmadığını başa düşməlidir. Ümumi nəticə yaxşıdır, mərhələ keçilib, amma “Makkabi” ilə görüşdə müdafiənin də günündə olmadığını qeyd etmək yerinə düşər. Rəqib hücumçuların arxaya qaçmasına mane ola bilməyən “futuristlər” qolların böyük hissəsini məhz bu boşluqdan buraxdı. Gərginliyi və dramatikliyi ilə Azərbaycan tarixinə düşən görüşdə qol, həyəcan, emosiyalar, bir sözlə, hər şey var idi. Masazır əhlinin da tribunaları doldurması gözoxşayan atmosfer yaratmışdı.
“Sabah”ın növbəti rəqibi İrlandiyanın “Sent-Patrik” komandası olacaq. “Bayquşlar” ilk oyunu avqustun 8-də səfərdə keçirəcək, bir həftə sonra isə Bakıda cavab görüşünə çıxacaq. İrlandiya komandası II təsnifat mərhələsində Lixtenşteyn “Vaduts”unu mübarizədən kənarlaşdırıb (3:1, 2:2).