Dərs çıxarılacaq?

“Neftçi” avrokuboklardan kənar qaldı. Necə miskin səslənir…

Niyə belə oldu?

Bu klub xaosdan qurtulmasa, düzəlməyəcək.

Bilinmir, rəhbər kimdir, idarəçi kim, icraçı kim. At izi it izinə qarışıb. Bundan da betər odur ki, “Neftçi”nin eqosu, təkəbbürü yerə-göyə sığmır. Üzdə görünən çatışmazlıqları qabardan da belə qapanan, yaxud qisas almağa çalışan bir klub uğur üçün necə təmərküzləşəcək?

“Forza Neftçi” də həssas dönəmdə tribunaya qayıtdı, dəstəyini əsirgəmədi, məşqçilər korpusu da əlindən gələni etdi, amma ideya, strategiya nizami olmadığına görə “ağ-qaralar”ın qarası ağını daim yeyəcək…

Avrokuboklarda kənar qalmaq nədir axı?!

Ən yaxşı büdcə ilə bunu necə “bacarmaq” olardı?

Bir aydır ki, klubun Akademiyasında hərc-mərclik hökm sürür, heç kim bilmir ki, növbəti mövsüm üçün plan nədir. Eləcə də nə inzibati heyət, nə məşqçilər korpusu – heç birinə aydın deyil.

Belə vəziyyətdə komanda oyun keyfiyyəti bir yana, psixoloji tab gətirə bilərdimi? Qəti! “Sabah”ın istəyi, ehtirası qarşısında sönük “Neftçi” elə heç-heçə üçün oynayıb, yekunda məğlubiyyətlə cəzalanacaqdı.

“Sumqayıt”, “Zirə” avrokuboklardadır, mövsüm boyu turnir cədvəlinin aşağı pillələrində dolaşan “Sabah” səni udub 3-cü yeri tutdu, o da Avrokubokda… Bəs sən? Hələ də xaos “hallanması”?

Dərs çıxarılacaq?

Elçin Cəlilov