Azərbaycan Premyer Liqasının X turunun “Neftçi” – “Səbail” oyunundan sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Hesabı qoruya bilirdik, amma istədiyimiz futbolu oynaya bilmirdik. Bu, bizə çox mane olurdu. Oyun sistemində böyük problemlərimiz yaşandı. Kiçik komandayıq və birdən-birə 4 itki özünü göstərdi. Bu baxımdan istədiyimiz oyunu oynaya bilmədik. Sanki futbolçular “Neftçi” adından qorxdular. Rəqibin üstünlüyü ilə keçən oyun oldu. İrəli baxmalıyıq, qarşıda vacib oyunlarımız var. “Neftçi”nin keyfiyyətli oyunçuları var və yuxarı sıralara qalxacaqlar. Biz isə taleyimizlə barışmalıyıq. Əlimizi qaldırıb, təslim olmuruq. Qarşıda iki vacib oyun var. Yaxşı oyunla qalib gəlməyə çalışacağıq.
– Kiçik komandayıq ifadəsini hansı mənada işlətdiniz?
– Heyətin varsa, oynamalısan. Bu gün baxın, 19-20 yaşlı uşaqlar meydana çıxdı. Heyətdə itkilər olanda çətin olur. 4 futbolçu kənara düşürsə, artıq gücünü göstərə bilmirsən, rotasiya üçün geniş heyətimiz yoxdur. Lakin bunlar bəhanə deyil. Futbolçu meydana çıxırsa, hər şey kənarda qalmalıdır. Sadəcə bu gün istədiyimiz futbolu oynaya bilmədik.
– Millinin direktoru İlqar Qurbanov yığmaya sifarişlə oyunçuların çağırıldığını deyib.
– Qurban Qurbanovun yaxşı sözü var: “qeyri-ciddi fikirlərə şərh vermək ciddi adamların işi deyil”. Çox danışa bilərəm, İlqarın milliyə gəlməsindən bu yana qədər. Nəsə danışanda fikirləşməlisən. Müdafiəni də savadlı qurmalısan.
– Samir Abasova yenə məğlub oldunuz. Düşünmürsünüz ki, “Neftçi” rəhbərliyi bu statistikanı fikirləşib, Abasovu komandaya gətirib?
– Tabloda “Neftçi” – “Səbail” yazılmışdı, Samir-Şahin yox. Rəhbərlik bir oyuna görə məşqçi gətirmir. Belə çıxır, növbəti turda “Sabah”la oyunda onları kim daha çox məğlub edibsə, onu baş məşqçi gətirsinlər?
– Bu gün sanki komanda “Neftçi”yə güzəşt etdi…
– Bu, mənə yönələn sual deyil. “Şamaxı” ilə oyundakı komanda deyildik. Çünki heyətdə itkilər oldu. Bəlkə də, birinci hissədə qol buraxmasaydıq, fərqli olardı. Amma alınmadı. Əfsuslar olsun, “Neftçi” bu gün bütün komponentlərdə bizdən üstün oldu.
Şahin Cəfərov